3 Noyabr 2021 10:15
2 152
12 Punto 14 Punto 16 Punto 18 Punto

Son dövrlər “İrşad Electronics” mağazasından şikayətlərin ardı-arası səngimir.

Şikayətçilər Teleqraf.com-a müraciət edərək, istehlakçı hüquqlarının ciddi şəkildə pozulduğunu iddia ediblər.

Şikayətçi Gülnar Süleymanovanın (ad şərtidir) sözlərinə görə, oktyabrın 17-də “İrşad Electronics”in Neftçilər filialından qulaqlıq alıb:

“Məhsulu alarkən məsləhətçi və qeydiyyat şöbəsinin əməkdaşları qulaqlığı 14 gün ərzində qaytara və ya dəyişdirə biləcəyim barədə məlumat verdilər. Hər hansı bir problem olacağı təqdirdə isə 1 il zəmanətlə dəyişdirə və qaytara biləcəyim deyildi. Qulaqlıqda xışıltı olduğu üçün qaytarmaq məqsədilə Neftçilər filialina apardım. Mağazanın əməkdaşı qulaqlığı yoxladı və problem olduğunu qəbul etdi. Daha sonra məni texniki servisə yönləndirdilər. Mağazanın xanım əməkdaşı mənə bu məhsulun gigiyenik olduğunu, xarab olsa belə, qaytarılmayacağını, ancaq dəyişdiriləcəyini bildirdi. Qulaqlığa 350 manat pul vermişəm, əgər xarabdırsa, istifadə etməyə məcbur deyiləm.

Birinci, qulaqlıq gigiyenik məhsul deyil. İkinci, əgər gigiyenikdirsə, niyə məhsulu alarkən bu barədə məlumat verilməmişdi? Üçüncü, əgər gigiyenikdirsə, niyə mənim qulaqlığım mağazada işçilər tərəfindən qulaqlarına taxılıb yoxlanılır?

Əgər gigiyenik məhsuldursa, işçilər tərəfindən istifadə olunmuş qulaqlığı qəbul etmirəm. Texniki şöbədən 2 günə cavab gələcəyi deyilsə də, hələ də məhsul barəsində məlumat verilmir. Üstəlik, “Apple” rəsmi servisinə zəng etdikdə onlara texniki şöbədən mənim adıma qulaqlıq daxil olmadığı bildirildi”.

Şikayətçi deyir ki, “İrşad Electronics” mağazası və kollektivi özbaşınalıq nümayiş etdirir: “Günlərdir mağazanın (0171) nömrəsinə zəng vurmağıma baxmayaraq, şikayətimlə heç kəs maraqlanmır. İşçilərin məsuliyyətsizliyinin, özbaşınalığının, məlumatsızlığının, üstəlik xarab məhsul almağın cəzasını müştəri olaraq niyə çəkməliyəm? Onsuz da məhsul qaytarılmayacağı təqdirdə məhkəməyə müraciət edəcəm. Vətəndaşlara məsləhətim odur ki, “İrşad Electronics” mağazasına gedərkən iki dəfə düşünsünlər”.

Əksər şikayətçilər də adıçəkilən mağazanın eyni məhsuldan narazı qaldıqlarını açıqlayıblar. Onlar mağazanı keyfiyyətsiz məhsul satmaqda günahlandırır. Bəzi şikayətçilər də məsuliyyətsiz və müştəri davranışının sıfır olduğu mağazadan imtina edib yeni mağazalar şəbəkəsinə üz tutduğunu bildirib.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov Teleqraf.com-a bildirib ki, müştəri ilk növbədə dövlət orqanlarına müraciət etməlidir: “Müştəri 195 və ya 498 15 04 əlaqə nömrələrinə, yaxud Azad İstehlakçılar Birliyinə ətraflı ərizə yazmalıdır. Şikayətçi haqlıdır. Çox təəssüf ki, ölkədə istehlakçı hüquqlarını qoruyan qanunlar zəifdir.

Qanunda nəzərdə tutulmayan mağazaların özlərinə tabe olan bir “servis” anlayışı çıxıb. Məhsul xarab çıxdıqda mağazalar müştəriləri həmin texniki servis xidmətlərinə göndərirlər. Servis xidmətləri də elə diaqnoz qoyur ki, guya problem istehlakçının özündən qaynaqlanıb. Bir sözlə, min cür böhtan atırlar, beləliklə istehlakçını başlarından rədd edirlər. Bu, qanuna zidd bir hərəkətdir. Ona görə də satış mərkəzlərinə məxsus olan servis xidmətlərinə istehlakçıları yönləndirmək siyasətinə son qoyulmalıdır. Satış mərkəzləri müştərini servis xidmətlərinə göndərir, onlar da istehlakçıya böhtan atılır”.

Birlik sədri deyir ki, mürəkkəb texniki mallardan, o cümlədən bu kimi elektron mağazaların satdığı mallardan və istehlakçılarla davranışlardan şikayət sürətlə yayılır: “Digər mağazalar şəbəkəsindən də bənzər şikayətlər var. Birinci yerdə “Kontak Home”, ikinci yerdə “Baku Electronics”, üçüncü yerdə isə “İrşad Electronics” dayanır.

Ümumiyyətlə, sözügedən şikayətlə bağlı istehlakçının hüququ var ki, məhsulu dəyişsin, bu mümkün olmadıqda qaytarıb pulunu alsın. Bu şərtlə ki, məhsul alarkən müştəriyə təqdim olunan kassa çeki normal olsun.

Bu mağazalarda rast gəlinən bir paradoksal məsələ də var. Bəzən müştəriyə deyirlər ki, məhsulu açıb işlətmisən. Sual olunur, məhsulu açıb işlətməsə, haradan bilmək olar ki, xarabdır? Prosessual qanunda da boşluq var, deyilir ki, işlənməmiş olmalıdır. Başqa sözlə, bu o deməkdir ki, məhsul xarab çıxsa da, qaytarmaq olmaz. Müvafiq qanun zəifdir. Düşünürəm ki, qanuna yenidən baxılmalı və bu kimi hallar aradan qaldırılmalıdır”.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Müəllif: Yeganə Oqtayqızı

Oxşar xəbərlər