Dövlət qulluğuna qəbul prosesində gender bərabərliyi təmin olunmalıdır. Təkcə imtahan və müsahibələrdə, ehtiyat kadrlar siyahısına daxil eləməkdə, orta səviyyəli inzibati vəzifələrin qəbulunda deyil, yüksək səviyyəli inzibati vəzifələrə, rəhbər vəzifələrə bu müsahibə və imtahanları keçmiş xanımlar da kişilərlə bərabər səviyyədə qəbul edilməlidir.
Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.
Onun sözlərinə görə, məsələni nəzarətdə saxlamaq üçün qurumların əlaqələndirilmiş fəaliyyəti lazımdır: "Bu, təhsil sistemindən, onun ən müxtəlif pillələrindən tutmuş, ən yüksək səviyyəyə də təyinatlara qədər aidiyyəti qurumların fəaliyyətinə aid olan məsələdir. Gender məsələsi qadın problemi deyil. Qadın problemləri olsa belə, bununla yalnız qadınlar məşğul olmalı deyil. Bu, cəmiyyətin, dövlətin, bütün insanların, xalqın problemidir.
Ona görə də bu prosesdə həm kişilər, həm də qadınlar cavabdeh qismində paralel və bərabər şəkildə iştirak etməlidirlər. Bizim əsas məqsədlərimizdən biri də odur ki, bütün səviyyələrdə bərabərlik təmin olunsun. Hər hansı bir cinsin total üstünlüyünə imkan verilməsin. Bu, həm müvafiq beynəlxalq konvensiyanın, həm də Azərbaycan qanunvericiliyin tələbidir.
Baxmayaraq ki, dövlət siyasətinin əsas prioritet istiqaməti bu bərabərliyin təmin olunmasıdır, qanunverici əsas kifayət qədər möhkəmdir, müvafiq effektiv mexanizmlər var. Bununla yanaşı bəzi hallarda onlardan daha möhkəm neqativ stereotiplər var. Bəzi şəxslər tərəfindən çox zaman bu neqativ stereotiplər, adət-ənənə adlanan bəzi məsələlər qanunlara əməl etməkdən və qanunun tələbini yerinə yetirməkdən daha üstün tutulur.
Biz məsuliyyətin artırılmasını, vəzifələrin konkret açıq qoyulmasını, prosesinin daha şəffaf prosedurlarla irəliyə aparılmasını və bütün səylərin nəticələrdə öz əksini tapması istəyirik.
Nə bacarıq-səriştə, nə də özgüvəni baxımından qadınlar kişilərdən o qədər də geri qalmırlar. Amma orta vəzifələrdən yuxarıya çıxarkən müəyyən uyğun olmayan münasibətlərlə üzləşirlər. Bu, həm ədaləti pozur, həm qadınların sabaha inamını azaldır, həm də daha ciddi hədəflər uğrunda mübarizədə onların mövqeyini zəiflədir.
Bu baxımdan kurikulumun nəşr olunması, vəsaitin hazırlanması və müxtəlif parametrlər üzrə müəyyən olunması gələcəkdə bu sahədə daha geniş fəaliyyətin qurulmasına imkan verir. Biz bundan sonra bu kurrikulum əsasında yeni vəsaitlərinin, dərs vəsaitlərinin, müəyyən proqramların, təhlillərin və analizlərinin aparılması təşkil edəcəyik.
Ən ciddi dəyişiklik təhsil sahəsinə qoyulan səydən asılıdır. Biz ilk olaraq təhsil pilləsindən, xüsusilə də ailədən başlamağın tərəfdarıyıq. Ailənin üzərinə də çox ciddi vəzifə düşür".