“Azəriqaz” İstehsalat Birliyi (İB) ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) arasında növbəti dəfə işçi görüş keçirilib.
Teleqraf.com xəbər verir ki, görüşdə “Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev və Birliyin digər məsul şəxsləri, Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Vüqar Kərimov, nazirliyin digər struktur bölmələrinin rəhbər şəxsləri iştirak ediblər.
Görüş zamanı respublika ərazisində ətraf mühitin, xüsusilə meşə sahələrinin qorunması və onların bərpası məqsədilə meşə sahələrinə yaxın yerləşən, təbii qazdan istifadə etməyən yaşayış məntəqələrində mərhələli şəkildə müvafiq infrastrukturun qurulması istiqamətində birgə fəaliyyətin təşkil olunması məsələləri geniş müzakirə edilib.
Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov hazırda ölkə üzrə 982 qazlaşmayan kəndin mövcud olduğunu görüş iştirakçılarının diqqətinə çatdırıb. Şöbə rəisi bildirib ki, bunlardan 426-ı meşə ətrafı ərazidə yerləşir. Bu ərazilərdən isə yalnız 260-nın texniki-iqtisadi cəhətdən qazlaşdırılması səmərəli hesab edilir.
“Azəriqaz” İstehsalat Birliyi tərəfindən 2022-ci ildə sözügedən 260 kəndin 25-nin təbii qazla təmin edilməsi işləri həyata keçiriləcək. Qalan 235 kənd isə növbəti 5 ildə tamamilə qazlaşdırılacaq. Görüş zamanı digər məsələlər də müzakirə edilib. Bildirilib ki, yeni ərazilərin qazlaşdırılması əhalinin sosial-iqtisadi rifahının yaxşılaşdırılmasına da dəstək olacaq.