1 Fevral 2022 22:14
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

“BMT-nin təlimat və qaydalarında əməkdaşların qarşısına müstəqillik, tərəfsizlik, obyektivlik və peşəkarlıq, vicdanlılıq, insan haqlarına hörmət və digər bu kimi tələblər əsas vəzifə kimi qoyulur”.

Teleqraf.com xəbər verir ki, bunu siyasi ekspert Elçin Mirzəbəyli deyib.

Ekspert BMT-nin Şimali Makedoniyadakı erməni əsilli əməkdaşının Azərbaycan əleyhinə fəaliyyətlərinə diqqət çəkib:

“Armen Qriqoryan BMT-nin İnkişaf Proqramının Şimali Makedoniya Respublikasındakı daimi nümayəndəsidir. Lakin daşıdığı vəzifədən başqa bütün fəaliyyət növləri ilə, o cümlədən, Azərbaycan əleyhinə təbliğatla da məşğul olur. Qriqoryan BMT-nin əməkdaşı kimi istifadə etdiyi sosial şəbəkə hesablarında Azərbaycana qarşı açıq təbliğat aparır, ölkəmizin ərazi bütövlüyünü şübhə altına alan ifadələrə yol verir və Ermənistanın əsassız iddialarını müdafiə edir.

Bütün bunlar isə BMT əməkdaşlarının təsisatın strukturuna işə qəbul olunduqları zaman içdikləri anda, BMT əməkdaşları haqqında qaydalara və bununla bağlı Baş Assambleyanın qəbul etdyi təlimata, eləcə BMT-nin etik kodeksinə ziddir.

BMT əməkdaşlarının andında deyilir: “Mən Birləşmiş Millətlər Təşkilatının beynəlxalq xidmət yerinə yetirən əməkdaşı kimi üzərimə qoyulan vəzifələri tərəf tutmadan, məsuliyyətlə və dərk edərək yerinə yetirəcəyimə, yalnız BMT-nin maraqlarından çıxış edəcəyimə, vəzifələrimizin icrası zamanı BMT-dən kənar hər hansı bir hökumətin, yaxud mənbənin göstərişlərini qəbul etməyəcəyimə təntənəli şəkildə and içirəm... Mən, həmçinin BMT əməkdaşları haqqında təlimat və qaydaların üzərimə qoyduğu öhdəlikləri yerinə yetirəcəyimə söz veririrəm”.

BMT-nin təlimat və qaydalarında isə əməkdaşların qarşısına müstəqillik, tərəfsizlik, obyektivlik və peşəkarlıq, vicdanlılıq, insan haqlarına hörmət və digər bu kimi tələblər əsas vəzifə kimi qoyulur.

Göründüyü kimi, Armen Qriqoryan həm andını, həm də BMT əməkdaşları haqqında təlimat və qaydaların tələblərini kobud şəkildə və dəfələrlə pozduğu üçün dərhal təşkilatın sıralarından qovulmalıdır”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər