Prezident İlham Əliyev "Media haqqında" qanunu təsdiq etdi. Bu, o deməkdir ki, medianın inkişafı üçün yeni imkanlar pəncərəsi açılır. Belə bir qanunun qəbul edilməsi ona görə zəruri idi ki, Azərbaycan dövləti, onun ali siyasi lideri yeni tarixi reallıqlar yaradıb. Bu yeni tarixi reallıqlar fonunda həllini gözləyən yeni məsələlər ortaya çıxıb. Bu prosesdə informasiyanın yeri və rolu daha da artıb.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elman Nəsriov deyib.
Onun sözlərinə görə, baş verənlərin fonunda Azərbaycan mediası bu yeni reallıqlara adekvat reaksiya verməlidir:
“Eyni zamanda, həllini gözləyən məsələlərin yoluna qoyulmasına öz töhfəsini verilməlidir. Unutmayaq ki, Ermənistanla Azərbaycan arasında müharibə başa çatsa da, iki müharibə hələ də davam etməkdədir. Birincisi, Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsi, ikincisi, mina müharibəsidir. Bu reallıqlar fonunda Azərbaycan mediasının qarşısında yeni vəzifələr, yeni üfüqlər açılmış olur.
"Media haqqında" qanunun qəbulu nəticəsində media nümayəndələrinin sosial rifahının müdafiəsi üçün çox böyük imkanlar yaranır. Jurnalistlərin mənzillə təmin olunması üçün ipoteka kreditlərinin verilməsi vacib məsələdir. Media təmsilçiləri ev almaq üçün müxtəlif rıçaqlardan istifadə etməklə, sosial problemlərinin həllinə dəstək almış olurlar.
Həmçinin, azad media üçün yeni imkanlar qarşıya çıxır. Hesab edirəm ki, bu qanunun qəbul edilməsi Azərbaycanın media mühiti üçün çox mütərəqqi hadisədir. Bundan bütün cəmiyyətimiz qazanır, ən çox qazanan isə jurnalistlərimizdir”.