Macarıstan-Azərbaycan Gənclər Birliyi (MAGB) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin təşkilati dəstəyi ilə 21-22 noyabr tarixlərində “Macarıstanda Azərbaycan Turizm Günləri” adlı tədbir təşkil edilib.
Azərbaycanın Macarıstandakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Avropadan seçilmiş gənclər, eləcə də Azərbaycan Respublikasının Macarıstandakı səfirliyinin, Macarıstan Parlamentinin, Azərbaycan Respublikası Gənclər Fondunun, eləcə də Macarıstan, Azərbaycan və Mərkəzi Avropa ölkələrinin QHT nümayəndələri iştirak edib.
Tədbirin Macarıstan Parlamentində keçirilmiş ilk gününü giriş sözü ilə açan MAGB-nin sədri İbrahim Səfərli qonaqları salamlayıb, birliyin tarixi, bu günə kimi həyata keçirdiyi layihələr barədə ətraflı danışıb və “Azərbaycan Turizm Günləri” adı altında keçirilən tədbirin məqsəd və məramı barəsində iştirakçıları məlumatlandırıb.
Daha sonra Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev çıxış edərək, layihənin uğurla həyata keçirilməsi münasibətilə MAGB-in İdarə heyətini təbrik etmiş və Azərbaycan ilə Macarıstan gəncləri arasında mövcud əlaqələrin daha da dərinləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Səfir, iki həftə öncə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Macarıstana etdiyi iki günlük işgüzar səfərin, iki ölkə iş adamları arasında keçirilmiş Biznes forumun və səfər çərçivəsində strateji əməkdaşlıq Sazişi başda olmaqla imzalanmış müqavilələrin Azərbaycanla Macarıstan arasındakı sıx əməkdaşlığın bariz nümunəsi olduğunu bildirib.
Ardından, Macarıstan Parlamentinin üzvü, Azərbaycan-Macarıstan Parlamentlərarası Dostluq Qrupunun sədri Marton Döndöşi son illər iki ölkə arasında əlaqələrin sürətli inkişafından dolayı məmnuniyyətini bildirib və bu kimi layihələrin həyata keçirilməsinin Azərbaycan və Macarıstan arasındakı əməkdaşlığa böyük töhfə verdiyini vurğulayıb.
Növbəti olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov danışaraq Fond və onun dəstəyi ilə həyata keçirilmiş layihələr barəsində qonaqlara ətraflı məlumat verib.