Bu gün – mayın 5-i Azərbaycanda xalçaçıların peşə bayramı - “Xalçaçı günü” kimi qeyd olunur.
Bu barədə Teleqraf.com-a "Azərxalça” ASC-dən məlumat verilib.
Dünyanın bir çox ölkəsində xalçaçılıq sənətinin mövcud olmasına rəğmən, belə bayramın qeyd olunması ilk dəfə məhz Azərbaycanda reallaşıb. Bu hadisə Azərbaycanda milli-mənəvi irsimiz hesab olunan xalçaçılığa, bu xalçaları toxuyub ərsəyə gətirən toxuculara verilən qiymətin bariz nümunəsidir.
Bu gün sürətlə inkişaf etməyə can atan “Azərxalça” ASC-nin əsas məqsədi milli-mənəvi, mədəni irsimiz olan xalçaların qorunması, xalçaçılıq işinin təbliği, xalça və xalça məmulatlarının istehsalı, ixracı, ölkə daxilində və xaricdə satışının təşkili, yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi, beynəlxalq sərgi və konfranslarda iştirakının təmini - bir sözlə, Azərbaycanın milli xalça brendinin inkişafı üçün lazım olan bütün tədbirlərin görülməsidir.
Bu il bu günün ikiqat əhəmiyyəti var. Çünki bu il xalçaçıların bayramı mədəniyyət paytaxtımız, Qarabağın sənət məbədi, xalçaçılıq sənətinin beşiyi Şuşada qeyd olundu. “Heydər Əliyev Fondu”nun təşəbbüsü ilə Azərbaycan Turizim Agentliyinin 5-8 may tarixlərində keçirdiyi Beynəlxalq Kulinariya Festivalı çərçivəsində “Azərxalça” ASC Şuşaya baş çəkən yerli və xarici qonaqlara özünün xalça toxuma prosesi haqqında “Xalça necə doğulur” adlı interaktiv tamaşa formasını təqdim etdi. Tamaşa izləyənlərin böyük marağına səbəb olub, həmçinin, turistlər özləri toxuma prosesində iştirak ediblər.
Qeyd edək ki, festivalda kulinariya ilə yanaşı, Azərbaycanın mədəniyyət və incəsənət nümunələrinin də geniş təqdimatı baş tutub.
“Xalçaçı günü”də “Azərxalça” ASC rəhbərliyi xalçaçılıq sənətinin inkişafı və tərənnümündə rolu olan bütün əməkdaşlarını təbrik edib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Müxtəlif rayonlarda fəaliyyət göstərən dövlət qurumlarının nümayəndələri, rayon gəncləri, məktəblilər də emalatxanalara baş çəkərək xalçaçıları təbrik ediblər.