Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının komitə iclası keçirilib Dünən Milli Məclisdə Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) Sosial, mədəni və humanitar məsələlər komissiyasının dördüncü iclası keçirilib.
Toplantıda Azərbaycan, Qazaxıstan, Türkiyə və Qırğız respublikaları parlamentlərinin deputatları, diplomatlar, TÜRKPA katibliyinin əməkdaşları, TÜRKSOY-un, Türk Şurasının, Beynəlxalq Türk Akademiyasının, Türk Dünyası Bələdiyyələr Birliyinin, Manas Qırğız-Türk Universitetinin, Ahmed Yesevi Qazax-Türk Universitetinin təmsilçiləri iştirak edib.
İclası Azərbaycanın TÜRKPA-dakı nümayəndə heyətinin üzvü, qurumun Sosial, mədəni və humanitar məsələlər komissiyasının sədr müavini Sevinc Hüseynova komissiyanın səmərəli fəaliyyət göstərdiyini, müzakirəyə çıxarılmış məsələnin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynayacağını qeyd etdi.
Azərbaycan parlamentinin rəhbərliyi adından qonaqları salamlayan Milli Məclisin Mədəniyyət komitəsinin sədri, TÜRKPA-nın Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvü Nizami Cəfərov altı il öncə yaradılan qurumun keçdiyi inkişaf yoluna nəzər saldı. Qeyd etdi ki, TÜRKPA ötən müddətdə hər baxımdan kifayət qədər güclənib, beynəlxalq miqyasda nüfuz qazanıb. Eyni kökdən olan, ortaq milli-mədəni dəyərləri bölüşən dost və qardaş xalqların parlament məclisi ölkələrimiz arasında siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin genişlənməsinə öz töhfələrini verir.
Bu gün TÜRKPA-nın bir sıra nüfuzlu qurumları, Beynəlxalq Türk Akademiyası kimi intellektual beyin mərkəzi var. Hazırkı dövrdə TÜRKPA məkanında informasiya mübadiləsinin böyük əhəmiyyətini qeyd edən Nizami Cəfərov vurğuladı ki, əlaqələrimizin daha da genişlənməsi üçün ortaq telekanalın qurulması, üzv ölkələrdən hər birində fəaliyyət göstərən televiziya kanallarında türk dünyasından bəhs edən verilişlərin hazırlanması və s. kimi elmi-kütləvi, mədəni tədbirlərin həyata keçirilməsi vacibdir.
Qurumun coğrafiyasına toxunan Nizami Cəfərov Özbəkistan və Türkmənistanın, eləcə də Başqırdıstan, Tatarıstan kimi digər türkdilli dövlətlərin TÜRKPA-ya qoşulmasının arzulandığını dilə gətirdi. Sonra iclasda gündəliyin qəbulu məsələsinə baxıldı. Sosial, mədəni və humanitar məsələlər komissiyasının üzvləri TÜRKPA-nın üzv dövlətləri arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsinin və müvafiq tövsiyə qərarının layihələrini, həmçinin təşkilati məsələləri əhatə edən gündəliyi təsdiqlədilər.
Gündəliyin qəbulundan sonra Qazaxıstan parlamentinin deputatı Aldan Smayl “TÜRKPA-ya zv dövlətlər arasında məlumat axınının gücləndirilməsinə dair hesabat məruzəsi”ni təqdim etdi. Sonra Türk Şurasının layihə direktoru Zamin Əliyev məlumat axının gücləndirilməsi istiqamətində Şuranın fəaliyyəti haqqında məlumat verdi. O qeyd etdi ki, cari ilin iyun ayında Türk Dünyası Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən “Ortaq Türk Telekanalı”nın yaradılması təşəbbüsü irəli sürülüb.
Bu ilin oktyabr ayında isə koordinasiya qrupunun iclasında kanalın yaradılması barədə qərar qəbul olunub. Telekanalın həm ingilis, həm də türkdilli ölkələrin rəsmi dövlət dillərində fəaliyyət göstərməsi, “Al Jazira”, “Euronews” kimi beynəlxalq status daşıması nəzərdə tutulur. İclasda çıxış edən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş mərkəzinin rəhbəri, Türk Dünyası Bələdiyyələri Birliyinin həmsədri Mehdi Səlimzadə qeyd etdi ki, qloballaşan dünyada türk dövlətləri arasında sosial, mədəni, humanitar inkişafın formalaşması, məlumat axınının gücləndirilməsi olduqca vacib və əhəmiyyətlidir.
Komissiyada Manas Qırğız-Türk Universitetinin nümayəndəsi Murat Sadullah Çebi, Ahmed Yesevi Qazax-Türk Universitetinin nümayəndəsi Mehmet Kutalmış mövzu ilə əlaqədar fikirlərini bildirdilər. Sonra qurumun prosedur qaydalarına uyğun olaraq məruzəyə dair - TÜRKPA-ya üzv dövlətlər arasında məlumat axınının gücləndiirlməsinə dair tövsiyə qərarı qəbul edildi. Komissiyanın 5-ci iclasının gələn ilin ikinci yarısında Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan toplantı “TÜRKPA-ya üzv dövlətlər arasında ekoloji fəlakət və böhranın idarə olunması sahəsində əməkdaşlıq” mövzusuna həsr olunacaq.
Nemət