“Rusiyaya bu gün Qarabağda əsgər saxlamaqdan daha çox, Şimal-Cənub dəmir yolunun işləməsi, türk dövlətləri ilə dost olması lazımdır. Paşinyanın KTMT-yə müraciət etməklə Rusiyanı və bunun ardınca Türkiyəni münaqişəyə cəlb etməklə ikinci cəbhə açmaq istəməsini də Rusiya gözəl başa düşür”.
Teleqraf.com xəbər verir ki, bu sözləri Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev deyib.
Ermənistanın sərhəddə törətdiyi təxribatlara beynəlxalq reaksiyadan danışan BAXCP sədri əvvəlcə şəhidlərimizə Allahdan rəhmət diləyib, onların ailə üzvlərinə, xalqımıza dərin hüznlə başsağlığı verib: “Ondan başlayım ki, mənfur qonşularımız nə sülh, nə də Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmir. Paşinyan dünən Ermənistan parlamentində gileylənirdi ki, Ermənistanın pulu var, amma onlara silah satmaq istəyən yoxdur. Soruşmaq lazımdır, onda niyə deyirsən ki, Zəngəzurda dəmir yolunu çəkməyə pul yoxdur? Deməli, siz öhdəliklərinizi yerinə yetirməyə pul tapmırsınız, amma silaha pul tapırsınız. Nəyinizə lazımdır silahlanma?”
Qüdrət Həsənquliyev qeyd edib ki, Ermənistan təxribatlara son qoymalı, Qərblə Rusiya arasında lombada oynamağı dayandırmalı, Azərbaycanla sülh sazişi imzalamalıdır: “Avqustun 24-də ABŞ Azərbaycanın münaqişənin bitməsinə dair rəsmi mövqeyini nəzərə almadan artıq mövcud olmayan Minsk qrupuna Filip Rikeri həmsədr təyin etdi. Hər vəchlə Minsk qrupunu canlandırmaq istəyən Ermənistan bu təxribatla münaqişənin bitmədiyini sübut etmək istədi. Layiqli cavabını da aldı.
Ermənistan kasıb ermənilərin xeyrinə olsa da, Qərbin Rusiya və İranla münasibətlərinin düşmənçilik səviyyəsində olduğunu bildiyindən xəstə “Böyük Ermənistan” ideyalarına Qərbin dəstəyini almaq üçün Zəngəzur dəhlizinin açılmasını da istəmir. Bunu Rusiya qarşısında kompensasiya etmək üçün münaqişəni uzatmaqla Rusiya sülhməramlılarının Qarabağda uzunmüddətli qalışını təmin edəcəklərinin mesajını verir, eyni zamanda Rusiyanın Ukraynada məğlubiyyətini gözləyir.
Amma Rusiya Paşinyanın kimin havasına oynadığını bilir və görür. Rusiyaya bu gün Qarabağda əsgər saxlamaqdan daha çox Şimal-Cənub dəmir yolunun işləməsi, türk dövlətləri ilə dost olması lazımdır. Paşinyanın KTMT-yə müraciət etməklə Rusiyanı və bunun ardınca Türkiyəni münaqişəyə cəlb etməklə ikinci cəbhə açmaq istəməsini də Rusiya gözəl başa düşür. Paşinyan fikirləşir ki, 2020-ci ildə Ermənistan ağır məğlubiyyətə düçar olduğundan onun təxribatlara başlamasına heç kim inanmayacaq”.
Deputat Ermənistanın Minsk qrupundakı həmsədr müttəfiqlərinin də dərhal hərəkətə keçdiyini bildirib: “Ermənistanın Azərbaycanın 20% torpaqlarını işğal etdiyini görməyən ABŞ əminliklə Azərbaycan tərəfdən Ermənistana güllə atıldığını bildiyini bəyan edir, Fransa xəcalət hissi keçirmədən BMT TŞ-nın təcili iclasını çağırır və s. Bu ölkələr Ermənistandan tələb etmir ki, Azərbaycanla sülh sazişi imzalamalısan, növbəti 30 il münaqişəni və buna paralel olaraq rus əsgərlərini Qarabağda saxlaya bilməzsən.
Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və Azərbaycan öz ərazisində suveren hüquqlarını bərpa etməlidir. Bunu deməmək və Şuşaya səfərdən imtina hər iki ölkənin Azərbaycana münasibətdə nə qədər riyakar siyasət yürütdüyünü göstərir.
Azərbaycan Prezidenti münaqişənin gələcək nəsillərə saxlanmasına imkan verməyəcək və biz qardaş Türkiyənin dəstəyi ilə Qarabağ üzərində suveren hüquqlarımızı bərpa edəcəyik”.