Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti mehmanxana və istirahət tipli obyektlərdə yanğın təhlükəsizliyi qaydaları tələblərinin pozulmasının qarşısını vaxtında almaq, müəssisələrin bu sahədə fəaliyyət göstərən əməkdaşlarının yanğın təhlükəsizliyi ilə bağlı biliklərini artırmaq məqsədilə maarifləndirmə tədbirlərini davam etdirir.
Teleqraf.com xəbər verir ki, bu çərçivədə, növbəti tədbirlər Bakı şəhərində cüdo idman növü üzrə Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən Böyük Dəbilqə beynəlxalq turnirinin keçirilməsi ilə əlaqədar olaraq, qonaqların yerləşəcəyi “Hyatt Regency Baku”, “Baku Marriott Hotel Boulevard” və “Coutyard by Marriott Baku” mehmanxanalarında keçirilib.
Tədbirlərdə yanğın təhlükəsizliyinin təmin olunmasına obyekt rəhbərlərinin şəxsən məsuliyyət daşıdıqları, bütün əməkdaşların yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etmələrinin zəruriliyi qeyd olunub. Eyni zamanda, binaların və binaətrafı ərazilərin təmiz saxlanılmasının vacibliyi diqqətə çatdırılıb, elektrik, havalandırma, isitmə qurğularının istismarı zamanı yanğın təhlükəsizliyi qaydalarına dair tələblər barədə məlumat verilib.
Həmçinin, yanğın zamanı zəruri davranışlar və insanların təhlükəsizliyinin təmin edilməsindən söz açılıb, su təchizatı ilə əlaqədar müvafiq normativ sənədlərin tələbləri barədə söhbət aparılıb.
Sonda ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə izah edilib və suallar cavablandırılıb.