Bu il iyun ayının əvvəllərində Akademik Zərifə Əliyeva adına Liseyin müəllimlərinin istirahət zamanı çəkilmiş və naməlum ünvandan sosial şəbəkələrə sızdırılmış video geniş rezonans doğurmuşdu.
Teleqraf.com saytı da ölkədə təhsil məsələsinin aktuallığını, müəllim nüfuzunun daim gündəmdə və müzakirədə olmasını nəzərdən qaçırmayaraq yayılmış və ictimai diqqətə çıxarılmış videodan qısa material hazırlamışdı.
Bu zaman Teleqraf.com-un əməkdaşı liseylə əlaqə saxlamağa cəhd eləsə də, təəssüf ki, cəhdlər boşa çıxmış və bu qeyd də sayt materialında əksini tapmışdı.
Nəticədə sayt sonradan Akademik Zərifə Əliyeva adına Liseyin narazılığına səbəb olan mətn yayımlayıb, bəzi saytlar da həmin yazıya istinad edib və bundan dolayı lisey məhkəməyə müraciət edib.
Bu anlaşılmazlığın hüquqi müstəvidə aradan qaldırılmasındansa, qarşılıqlı razılaşma yolunu seçməyin tərəfdarıyıq.
Beləliklə, saytımızda 6 iyun 2022-ci ildə "Bu məktəbdə müəllimləri oynadıb, sinələrinə pul basdılar" başlıqlı yazıda bəzi qeyri-dəqiqlikləri qeyd edir və bildiririk ki, bütün bunlar qərəzdən yox, sadəcə informasiyasızlıqdan yaranıb.
Bir daha aşağıdakıları oxucuların nəzərinə çatdırmağı özümüzə borc bilirik:
- Sosial mediada yayılan video Akademik Zərifə Əliyeva adına liseydə deyil, martın 7-də Beynəlxalq Qadınlar Gününü qeyd etmək üçün Bakı şəhərində yerləşən restoranların birində liseyin yalnız qadın kollektivinin iştirak etdiyi tədbirdə icazəsiz çəkilib. Görüntülərin təhsil müəssisəsi ilə heç bir əlaqəsi yoxdur.
Bununla bağlı Akdemik Zərifə Əliyeva adına Liseyin narahatlığını bölüşür və bunu anlayışla qarşılayırıq.
- Hər birimiz kimi, müəllimin də istirahət haqqı var və videonun iş yerindən kənarda çəkildiyi aydınlaşdırıldığı üçün buna hörmətlə yanaşmalıyıq.
Akademik Zərifə Əliyeva adına Liseyə öz fəaliyyətində uğurlar arzulayırıq!