15 Dekabr 2014 12:16
800
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil naziri elektron resursların təqdimatında çıxış edib

Bu gün “Hilton Baku” otelində Təhsil Nazirliyi tərəfindən hazırlanan elektron resursların təqdimat mərasimi keçirilib.

Teleqraf.com-un xəbərinə görə, tədbirdə müvafiq qurumların nümayəndələri, ekspertlər, məktəb direktorları və fənn müəllimləri iştirak ediblər.

Təqdimat zamanı bildirilib ki, bu gün informasiya və rabitə texnologiyalarının istifadəsi sahəsində aparıcı istiqamətlərdən biri təlim fəaliyyətində şagirdlər tərəfindən kompüterin effektiv istifadə etməsidir. Bu fəaliyyətin həyata keçirilməsində əsas məsələ təhsilin keyfiyyətinin yaxşılaşdırılması üçün imkan yaradan elektron dərs resurslarının seçimidir. Elektron cihazların köməyi ilə istifadə olunan dərs materialları - elektron dərs resurslarına – elektron dərsliklər, videodərsliklər, elektron tapşırıqlar, xarici elektron resurslar, intellektual oyunlar, e-sinif, e-olimp, e-təlim və müsabiqə daxildir,
Tədbirdə təhsil naziri Mikayıl Cabbarov çıxış edərək elektron resurslar barədə məlumat verib. Bildirib ki, nazirlik cari ildə müxtəlif növ elektron resursların hazırlanması istiqamətində layihələr həyata keçirib. Son 3 ilin statistikası barədə danışan nazir bildirib ki, 2012-ci ildə 17 fənn üzrə dərsliklərin hazırlanması üçün keçirilən tenderlərdən cəmi 2-si, 2013-cü ildə 21 fənn üzrə tenderdən cəmi 2-si, 2014-cü ildə isə 22 fənn üzrə keçirilən tenderdən cəmi 6-sı baş tutub.

Nazirin sözlərinə görə, bu il yalnız VII siniflər üzrə deyil, VIII siniflər üçün də dərsliklər yaradılıb: “Amma əksər hallarda müəlliflərdən müsabiqəyə çıxarılması üçün yetərincə dərslik əldə etmirik. Sayda müəyyən artım olsa da, 20-22 fəndən 5-6 təklif qaneedici hesab edilə bilməz”.

Nazir bu ildən dərsliklərin hazırlanması ilə bağlı VII siniflərlə yanaşı, VIII siniflərin əksər dərsliklərinin layihəsini əldə etməyin mümkün olduğunu diqqətə çatdırıb və qeyd edib ki, bu da nazirliyə il ərzində mütəxəssislər tərəfindən sınaqların həyata keçirilməsini həyata keçirmək imkanı qazandırıb: “Ötən ildən bəri ilk dəfə olaraq yaradılan dərsliklər üzərində müəlliflik hüququ Təhsil Nazirliyinə və yaxud dövlətə məxsusdur. Hazırda müəlliflik hüququ bizə imkan verir ki, internetə çıxışı olan hər bir şəxsin dərsliklərdən pulsuz istifadəsini təqdim edək”.

Nazir dərsliklərin keyfiyyətini təmin etmək üçün hər il monitorinq keçirildiyini də vurğulayıb. Mikayıl Cabbarov ali məktəb rəhbərləri və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təşəkkür edərək bildirib ki, bu il ilk dəfə olaraq yeni dərsliklər çapa verilməzdən öncə keyfiyyətinə görə monitorinq olunub ki, bu da dərsliklərin keyfiyyətə müsbət təsir edib.

Tədbirdə həmçinin bildirilib ki, həmin elektron resursları bir mənbədə cəmləşdirmək üçün www.e-resurs.edu.az portalı yaradılıb. Hər bir istifadəçi bu portal vasitəsilə elektron dərsliklər, video dərslər, müsabiqələr, elektron tapşırıqlar, müxtəlif oyunlar və digər təhsil resurslarına çıxış əldə edə bilər.

NİGAR


Müəllif:

Oxşar xəbərlər