27 Dekabr 2022 09:05
1 214
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ermənistan rəhbərlərinin və alimlərinin Naxçıvanı ölkələrinə birləşdirməsi uğrunda apardığı mübarizə artıq 20-ci əsrin əllinci illərininin ikinci yarısından etibarən cəmiyyətə məlum idi. Onlar Kremldə yüksək vəzifə tutan Anastas Mikoyanın imkanlarından istifadə etməklə, Naxçıvan Muxtar Respublikasını ələ keçirmək arzusunda idilər. Ermənistan SSR-i və Kremldəki təraftarları 1965-1966-ci illərdə Andronikin anadan olmasının 100 illik yubileyinin keçirilməsinə nail olmaq üçün böyük səylər göstəriblər. Bu münasibətlə mərkəzi mətbuatda nüfuzlu simaların, o cümlədən Lenin mükafatı lauriyyatı Mariyetta Şaginyanın məqaləsinin çap edilməsi, həmdə Naxçıvan məsələsini rəsmiləşdirmək niyyətinə xidmət edib”.

Teleqraf.com xəbər verir ki, bu fikirlər Naxçıvan MSSR Ali Sovetin Katibi, tarixçi-alim və maarifçi Əli Əliyevə məxsusdur.

Tarixçi alim imkanları çərçivəsində Naxçıvanın ermənilər tərəfindən ələ keçirilməsinə qarşı çıxış edib, bu məqsədlə mərkəzi mətbuata sübutlar və arqumentlərlə dolu məqalələr, eləcə də Kremlə etiraz məktubları göndərməkdən yorulmayıb.

Həmin dövrün ictimai-siyasi atmosferinə toxunan Əli Əliyev qeyd edirdi ki, bizim başcıların demək olar ki, çoxunda milli hiss yox idi:

“1966-cı ildə erməni yazıçı Mariyetta Şaqinyan Moskvadan “Volqa” ilə Avropaya səyahətə çıxır. Fransada-Parisdə kommunarların dəfn olunduğu qəbiristanlığa gedib, orada Andronikin qəbrini ziyarət edir. Moskvaya qayıdan kimi Avropa sərgüzəşləri barədə “İzvestiya” qəzetində səkkiz məqaləsi çıxır. Ən böyük məqaləsini Andronikə həsr etmişdi.

Əli Əliyev “İzvestiya” qəzetinə və Şaqinyana şəxsən məktub yazaraq Andronikin cinayətlərini təqdim edib. Hər iki məktuba cavab gəlib. Şaqinyan yazırdı: “Mən Moskvada anadan olmuşam. Androniki tanımıram, qəbiristanlıqda at üstə əzamətli bir heykəl görüb qələmə almışam”.

Belə millətçi və vətənpərvər fəaliyyətinə görə, maarifçi alim və rəhbər Əli Əliyevin əleyhinə gizli təbliğat aparılırdı. Nəhayət, onun Naxçıvan Ali Sovetindən getməyinə “yol” tapılıb. 1967-ci illin avqust ayında Vilayət Partiya Komitəsinin birinci katibi H. İbrahimov Əli Əliyevi yanına çağırır. Azərbaycan Pedoqoji İnstitutunun Naxçıvan filialının açıldığını və onu ora direktor məsləhət gördüklərini deyir.

Naxçıvan MSSR Ali Sovetin Katibi Əli Əliyev artıq anlayır ki, artıq Ali Sovetdən getməlidir.

Bununla belə, görkəmli dövlət adamının Naxçıvan Dövlət Arixində saxlanılan və 1996-cı ilin martın 1-də Kremlə, SSRİ Kommunist Partiyasının Mərkəzi Komitəsinin ideologiya şöbəsinə göndərdiyi etiraz məktubunun ortaya çıxması onun nə dərəcədə vətənpərvər olduğunu ortaya çıxarır.

Əli Əliyevin Kremə yazdığı etiraz məktubunda bildirilir ki, “İzvestiya” qəzetinin 16 yanvar 1966-cı il tarixi nömrəsinin “Sonuncu gün” bölməsində Mariyeta Şaqinyanın “Volqa” ilə Fransada dolaşarkən sərlöhvəli məqaləsi verilib:

“Məqalə müəllifi, general Andronikin Parisin “Per-Laşez” məzarlığındakı heykəlini Yerevan şəhərində Davud Sasunskiyə qoyulmuş abidə ilə müqayisə edir.

Hamıya məlum olduğu kimi, general Andronik təpədən-dırnağa qədər bolşevizmin düşməni, əks-inqilabçı “Daşnaksütyun” partiyasının sayılıb-seçilən üzvü olub. Ermənistan Sovet hakimiyəti qurulduqdan sonra o, mühacirət edib, 1927-ci ildə Amerikada vəfat edib. Qatı əks-inqilabçının Davud Sasunski ilə müqayisə edilməsi təəccüb doğurur.

Andronik İran-türk cəbhəsindən geri çəkilərkən 1918-ci ilin iyun-iyul aylarında Naxçıvan diyarında dinc əhalini didərgin salıb, qırıb-çapıb talan edib. O, qadınları, uşaqları və qocaları da odlara yaxıb, qılıncdan keçirib.

Salınmış qanlı nifaq Andronik tərəfindən 1918-ci ildə diyarın dinc əhalisinə qarşı törədilmiş fiziki cəhətdən məhv etmə halları haqqında mən bu ilin 28 yanvarında yazdığım məktubda “İzvestiya” qəzetinin redaksiyasını və çox hörmətli Mariyetta Şaqinyanı məlumatlandırmışam. Lakin indiyə kimi onlardan heç bir cavab almamışam. Çox-çox təəssüf edirəm ki, əks-inqilabçı Andronikin məhv edilməsinə qarşı mənim bu etirazıma dair heç bir izahat almamışam.

Sizə müraciət edərək xahiş edirəm ki, Mariyetta Şaqinyanın general Androniki Davud Sasunski ilə müqaisə etməsinin düzgün olub-olmamasına aydınlıq gətirəsiniz.

Mənim fikrimcə, ən yaxşısı budur ki, açıq-aşkar etiraf edilsin: general Andronik xalq qəhramanıdır və yaxud düşmən ünsürlərlə, ingilis-amerikan imperialistləri ilə əlbir olan bolşevizm düşmənidir. Əks təqdirdə anlaşılmazlıq yaranır”.

Azər.SSR, Naxçıvan ş. Araz üstə, Puşkin kücəsi, 85, Əliyev Əli İbrahim oğlu.


Müəllif: Nemət

Oxşar xəbərlər