Azərbaycan Dövlət İqtisad Universitetində ilk dəfə olaraq digər ali təhsil müəssisələrinin iştirakı ilə tələbələr arasında iqtisadi-elmi konfrans keçirilib.
ADU-dan Teleqraf.com-a daxil olan məlumata görə, “Azərbaycanın xarici iqtisadi əlaqələri: mövcud durum və perspektivlər” mövzusunda keçirilən tədbirin əsas məqsədi universitetlər arasında əlaqələri inkişaf etdirmək, tələbələr arasında elmi rəqabəti gücləndirməkdir.
Tədbiri giriş sözü ilə açan Beynəlxalq İqtisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov tədbirin əhəmiyyətindən danışıb. Qeyd edib ki, aktual və geniş tədqiq olunmuş məruzələr tələbələrin elmi fəaliyyətlərinin məhsuludur.
Tədbirə dəvət olunan Moskva Dövlət Universitetinin Bakı filialı, Qafqaz Universiteti, Kooperasiya Universiteti, Bakı Biznes Universiteti, Odlar Yurdu Universitetinin tələbələri ümumilikdə 80-dən çox məruzə ilə çıxış ediblər.
Məruzəçilərin müasir bazar iqtisadiyyatında neft faktoru, qeyri-neft sektorunun inkişaf mexanizmləri, fond bazarları və kapital axını, ölkəmizin turizmin imkanları, iqtisadi-ticarət əməkdaşlığının və beynəlxalq təşkilatlarla əlaqələrin mövcud vəziyyəti barədə çıxışları maraqla qarşılanıb. Sual-cavab zamanı müəllimlər tərəfindən məruzəçilərə faydalı informasiyalar verilib.
Çıxış edən tələbələr tərəfindən Azərbaycanda xarici iqtisadi sektorda səmərəliliyin artırılması yolları barədə təkliflər irəli sürülüb. Konfransa qonaq qismində qatılan müstəqil ekspertlər, dövlət və özəl şirkətlərin nümayəndələri mövzular üzrə müzakirə aparıb, tələbələrə zəruri tövsiyələr veriblər.
Tədbirin yekununda öz çıxışları fərqlənən tələbələrə qiymətli hədiyyələr və sertifikatlar təqdim olunub.
SEVİL