Abşeron rayonunda şəhid anaları, həyat yoldaşları və əmanətləri olan qız övladları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edilib.
Teleqraf.com xəbər verir ki, Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində baş tutan tədbirdə RİH-in başçısı Abdin Fərzəliyev, rayonun idarə-təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə ulu öndər Heydər Əliyevin və vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş bütün şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid analarını, həyat yoldaşlarını və abşeronlu xanımları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib.
Azərbaycan qadınlarının dövlət idarəçiliyində iştirakının təmin edilməsi məqsədi ilə dövlət səviyyəsində mühüm işlərin görüldüyünü vurğulayan RİH başçısı bildirmişdir ki, gənclərimizin təlim-tərbiyəsində, vətənpərvərlik ruhunda yetişməsində qadınlarımızın böyük əməyi var. O qeyd edib ki, bu misilsiz tərbiyənin nəticəsində ölkəmizin qəhrəman oğulları Müzəffər Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında sıx birləşərək Vətən müharibəsində düşmənə ağır zərbə vurmuş və xalqımız şanlı zəfər qazanıb.
Sonra Vətən müharibəsi şəhidi Elçin Həsənlinin anası, Abşeron RİH yanında İctimai Şuranın sədri Xatirə İsmayılova, şəhid mayor Elşad Həsənovun qızı Aysun Həsənli çıxış edərək Azərbaycan qadınlarını təbrik etmiş, onların tariximizdə oynadığı roldan, cəmiyyətimizin inkişafı üçün həyata keçirdikləri fəaliyyətdən danışıblar.
Daha sonra rayonun ictimai-siyasi həyatında fəallığı ilə fərqlənən, o cümlədən təhsil, səhiyyə, mədəniyyət və idman sahəsində uğur qazanmış xanımlar Fəxri Fərmanla mükafatlandırıblar.
Sonda Vətən müharibəsi qaziləri tərəfindən şəhid analarına gül dəstələri və hədiyyələr təqdim olunub.
Qeyd edək ki, abşeronlu şəhidlərin qız övladları üçün Heydər Əliyev Mərkəzində şənlik təşkil olunub, hədiyyələr təqdim edilərək bayramları təbrik edilib.