21 İyul 2023 14:46
613
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qaya” Dövlət Ansamblının direktoru, Əməkdar artist Rüfət Babayev dəfn olunub.

Teleqraf.com xəbər verir ki, o, Yasamal qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, mədəniyyət və incəsənət xadimləri, mərhumun ailə üzvləri və yaxınları iştirak ediblər.

Qeyd edək ki, R.Babayev iyulun 19-da 58 yaşında Moskvada vəfat edib.

Məlumat üçün bildirək ki, Rüfət Babayev 2 oktyabr 1965-ci ildə Bakıda məşhur “Qaya” ansamblının yaradıcılarından olan tanınmış müğənni, Xalq artisti Rauf Babayevin ailəsində dünyaya göz açıb.

1972-1983-cü illərdə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində fortepiano ixtisası üzrə təhsil alıb. Sonra təhsilini Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) Zöhrab Adıgözəlzadənin fortepiano sinfində davam etdirib. 1987-ci ildən “Qaya” Dövlət Ansamblında solist (sintezator) kimi fəaliyyətə başlayıb. Eyni zamanda bu ansamblın nəzdində fəaliyyət göstərən “Talisman” qrupunda da solist olaraq çıxış edib.

Ömrünü “Qaya” ansamblına bağlayan ifaçı bu kollektivlə ölkəmizdə və onun hüdudlarından kənarda çoxsaylı konsertlər verib, Azərbaycanın musiqi mədəniyyətini layiqincə təmsil edib.

Musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri yüksək qiymətləndirilən ifaçı Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə “Azərbaycan Respublikasının Əməkdar artisti” fəxri adına layiq görülüb. 2019-cu ildən “Qaya” ansamblının direktoru idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər