Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
Teleqraf.com xəbər verir ki, müraciətin mətnində deyilir:
"Möhtərəm cənab Prezident,
Azərbaycan xalqının milli birliyi, müzəffər Ordumuzun qəhrəmanlığı və Zati-alinizin qətiyyətli siyasi iradəsi bütün dünya azərbaycanlılarına bugünkü qürur dolu anları yaşadır. Siyasi baxışlarından asılı olmayaraq indi hər bir Azərbaycan vətəndaşı dərk edir ki, tarixin bütün dövrlərində başımıza gələn faciələrin, torpaqlarımızın itirilməsinin, soydaşlarımızın öz doğma yurdlarından didərgin salınmasının, suverenliyimizin pozulmasının başlıca səbəbi milli birliyin olmaması, hərbi və iqtisadi gücümüzün zəifliyindən irəli gəlmişdir.
Uzun zaman ərzində böyük səbir, təmkin və iradə göstərərək Azərbaycanın daxili və xarici siyasətində nail olduğunuz uğurlar ölkəmizi addım-addım Zəfər gününə, ərazi bütövlüyünün təmin olunmasına, suverenliyinə yaxınlaşdırmışdır. Öncə əhalinin rifahının yaxşılaşdırılması, bölgələrimizin inkişafı, iqtisadiyyatın şaxələndirilməsi, müasir ordu quruculuğu gərgin zəhmətinizin nəticəsində mümkün olmuşdur. Ölkəmizdə yaşayan müxtəlif etnik və dini kimliklərə mənsub vətəndaşlarımıza bərabər münasibət, söz və fikir azadlığının təmin olunması, demokratiya və plüralizmin inkişafı, siyasi dialoqun bərqərar olması ölkəmizin bugünkü qürur dolu tarixinin sütunları hesab edilə bilər. Heç şübhəsiz, bütün bunlar yalnız böyük amallara xidmət edən və ali hədəflərə yönələn, hər bir addımında dövlətini və xalqını düşünən siyasi liderin qətiyyətinin nəticəsində mümkün olmuşdur.
Ötən 20 il ərzində Azərbaycan Sizin rəhbərliyiniz altında öz ərazi bütövlüyünü təmin etmək, suverenliyini bərpa etmək, məcburi köçkünlərimizin doğma torpaqlarına qayıtmasına nail olmaq üçün çətin sınaqlardan keçmişdir. Siz Qarabağda kök salmış cinayətkar rejimin, terrorçu dəstələrin, onların xarici havadarlarının ölkəmizə yönələn təhdidlərinin qarşısının alınması üçün beynəlxalq təşkilatların, beynəlxalq hüququn gücünə tam arxayın olmamış, bu illər ərzində Azərbaycan üçün güclü iqtisadiyyat və müasir ordu qurmusunuz. Bununla yanaşı, Siz Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun yüksəldilməsi, ölkəmizin dünya birliyində layiqli yer tutması, güclü beynəlxalq tərəfdaşlar qazanması üçün uzaqgörən siyasət həyata keçirmisiniz. Bu baxımdan 44 günlük haqq savaşımızda bütün Azərbaycan xalqı həm də xarici siyasətdə əldə olunan uğurların möhtəşəmliyinə şahidlik etmişdir.
Möhtərəm cənab Prezident,
İndi Azərbaycan dövləti uzun tarixi dövrdən sonra Vətən müharibəsi Zəfərinin təntənəsini yaşayır. Azərbaycan ərazisində heç bir mənəvi, siyasi və hüquqi əsası olmadan yaradılan qondarma rejim böyük Qələbənin nəticəsində tarixin qaranlığına qərq olmuşdur. Bu gün böyük siyasi iradənin, milli birliyin, güclü ordunun nəticəsində Azərbaycan bayrağı Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə dalğalanır. Azərbaycan Respublikasının Konstitusiyası bütün ölkə ərazisində vahid ana qanun kimi tətbiq olunur. Yaşadığımız bu böyük tarixi anlar beynəlxalq hüququn nəticəsində deyil, məhz güclü iqtisadiyyatımızın, qəhrəman Ordumuzun və milli birliyimizin, həmrəyliyimizin nəticəsində mümkün olmuşdur.
Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar ölkəmizin xoşbəxt gələcəyi naminə bir daha siyasi həmrəyliyini bildirir, xalqımızın firavanlığı, dövlətimizin əbədi suverenliyi üçün apardığınız uğurlu daxili və xarici siyasətdə Zati-alinizə dəstəyini bəyan edir.
1. Yeni Azərbaycan Partiyası
2. Vətəndaş Həmrəyliyi Partiyası - sədr Sabir Rüstəmxanlı
3. “Ana Vətən” Partiyası - sədr Fəzail Ağamalı
4. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası - sədr Qüdrət Həsənquliyev
5. Böyük Quruluş Partiyası - sədr Fazil Mustafa
6. Demokratik İslahatlar Partiyası - sədr Asim Mollazadə
7. Vəhdət Partiyası - sədr Tahir Kərimli
8. Azərbaycan Demokratik Maarifçilik Partiyası - sədr Elşən Musayev
9. Milli Cəbhə Partiyası - sədr Razi Nurullayev
10. REAL Partiyası - sədr İlqar Məmmədov
11. Haqq Ədalət Partiyası - sədr Əli İnsanov
12. Azərbaycan Demokrat Partiyası - sədr Sərdar Cəlaloğlu
13. Ədalət Partiyası - sədr İlyas İsmayılov
14. Azərbaycan Ümid Partiyası - sədr İqbal Ağazadə
15. Klassik Xalq Cəbhəsi Partiyası - sədr Mirmahmud Fəttayev
16. “Azərbaycan Milli İstiqlal” Partiyası - sədr Arzuxan Əlizadə
17. Müasir Müsavat Partiyası - sədr Hafiz Hacıyev
18. Milli Dirçəliş Hərəkatı Partiyası - sədr Fərəc Quliyev
19. “Böyük Azərbaycan” Partiyası - sədr Elşad Musayev
20. Ağ Partiyası - sədr Tural Abbaslı
21 . Azad Vətən Partiyası - sədr Akif Nağı
22. Gələcək Azərbaycan Partiyası - sədr Ağasif Şakiroğlu
23. Yeni Zaman Partiyası - sədr Musa Ağayev".