20 Yanvar 2015 14:05
4 387
12 Punto 14 Punto 16 Punto 18 Punto

İbtidai sinifdə oxuyurdum, yay tətili idi. Əlimə 20 yanvar şəhidlərinin həyat hekayələrilə bağlı bir kitab keçmişdi. Kiril əlifbasını öyrənməyim işimə yaradı. Açdım, vərəqlədim, oradakı taleləri bir-bir oxudum. Kitabda ən təsirlisi və illərlə yaddaşımda qalan isə yenicə ailə qurmuş gənclər – İlham və Fərizənin taleyi oldu. Heç ağlıma gəlməzdi ki, gün gələcək, illər sonra mən bu sevgi əfsanəsini yaradan insanların yaşadıqları evdə, qaldıqları otaqda, onların doğmaları, valideynləri ilə elə onlar barədə söhbət edəcəm. Amma bu oldu və təxminən 20 il sonra qeyrət və məhəbbət simvoluna çevrilmiş bu iki insan haqqında yazmaq mənə də qismət oldu.

Qoşa sevgi, qoşa ayrılıq…

Bu, adi sevgi deyildi. Həyat yoldaşına, sevdiyin insana görə canına qəsd edə bilmək – bunun necə bir hiss olduğunu deyə bilməyəcəyəm. Doğrudur, istənilən halda dinimiz intihara haqq qazandırmasa da, sevdiyin insana görə canından keçməyin, onu öz həyatından üstün tutmağın nə isə fövqəladə, yüksək bir duyğu olduğunu dərk edirəm.

Fərizə İlhamın bacısı ilə eyni sinifdə oxumuşdu. Bu evdə hər kəs onu elə əvvəlcədən ailənin qızı kimi qəbul edirdi. Ona görə də bu evlilik hər iki ailənin tam ürəyindən idi. Gənclərin sevgi tarixçəsindən söz açan Fərizənin anası Bağda Nəbiyeva da onların bir-birini gizlincə sevdiklərini deyir. Fərizəyə elçi gələn gün səhər İlhamın bacısı onu görməyə gəlir. Lakin evdən təzə çıxdığını biləndə tələsik dalınca yüyürür. Yolda onu tapıb elçi gəlmək istədiklərini söyləyir. Fərizə bunu anasına bildirəndə ürəyində öz razılığını, yəqin ki, vermişdi. Lakin bütün azərbaycanlı ailələrində olduğu kimi bu ailədə də adət-ənənəyə bağlılıq güclü idi. Elə ilk sözü də, son sözü də ağsaqqallar deməli idilər.

Bağda Nəbiyevanın sözlərinə görə, İlhamla bağlı Fərizənin qardaşı Vaqiflə məsləhət ediblər. Onun ilk sözü isə bu olub: “İlham canlara dəyən oğlandır. Onu yaxşı tanıyıram, bir yerdə dəfələrlə futbol da oynamışıq”. Beləliklə, ailələr də razılıqlarını verirlər, əvvəlcə nişan, sonra isə toy baş tutur. Dəvətnaməni isə İlhamın qardaşı Elxan yazmışdı: “Toy məclisi 30 iyun, 1989-cu il, saat 18:00-da keçiriləcək. Ünvan: 9-cu mikrorayon, "Leyla" şadlıq evi. Hörmətlə: Elxan”.

Onlar haqqında danışanda həm də qəribə nişanələrdən danışırlar. Bilmirəm, bunlara inanmaq olar, ya olmaz. Amma bu faktdır ki, toy günü maşının şüşəsi çilik-çilik olmuşdu. Ailə bunu “təki ürəklər sınmasın” deyərək ciddiyə almadı.

Onlar bir-birini çox sevirdilər. İlhamın anası Ofeliya Allahverdiyeva bizimlə söhbətində bu iki gəncin bir-birindən doymadığını deyir. “Fərizə İlhamsız yemək yeməzdi. Gözləyərdi İlham işdən gəlsin, sonra bir yerdə yemək yeyərdilər. Hər səhər özü onu işə yola salardı. Gedəndən sonra da durub xeyli dalınca baxardı, ta ki, İlham məhəllədəki döngəni burulub gözdən itənə qədər...”

Bu dünyada insanların seçilməsi, doğulub-böyüməsi, eyni dövrdə yaşaması, eyni şəhərdə doğulması, bir-birinə rast gəlməsi, bəlkə də, ilahi möcüzədir. Onları da belə bir möcüzə birləşdirdi. Bəlkə də, zamanında gözlədiklərimizin dəyərini, qiymətini bilmirik. Bəlkə də, gözləyərək nə qədər xoşbəxt olduğumuzu anlamırıq, ya da gec anlayırıq. Bəlkə də, yol gözləyən insanlar ən xoşbəxt insanlardı. Bəlkə də, dünyada yolunu həsrətlə gözlədiyin birinin olması ən böyük səadətdir. Elə yol gözləyənin olması da. Bu xoşbəxtliyin əzəmətli sirri isə gözdən itənə qədər gözləməkdədir. Gözdən itəndən sonra isə inam başlayır. Onun qayıdacağına inam...

Sən gələn yollarda duman var hələ,

Demək, gəlişinə güman var hələ....

Müəllifi xatırlamıram, ali məktəbdə keçdiyim mühazirələrdən yadımda qalıb. Görünür, insanın yola saldığı sevgisini gözləməkdi xoşbəxtlik. Onlar cəmi 6 ay bu həyatda bir yerdə olsalar da, bunu da duymaq qismətləri olubsa, nə xoş onlara!

“Gün gələcək, bu sərhədlər götürüləcək, bütöv Azərbaycan olacaq”

Hər iki ailədə böyüyə hörmət, ənənələrə dərin bağlılıq var idi. Bunu yazı hazırlamaq üçün həmsöhbət olarkən də hiss elədim. İlhamın qardaşı Elxan Allahverdiyev xatirələrindən danışarkən onu da bildirdi ki, o, böyük qardaş olduğundan İlham yanında siqaret çəkməzdi: “Bir dəfə onun işlədiyi zavoda getdim. İlhamın hər iki əli dəzgahlardan tutmuşdu, ağzında da siqaret var idi. Birdən başını qaldıranda məni gördü. Əlindəki dəzgahları buraxa bilməzdi. Məcbur olub siqareti ağzından tulladı. Amma siqaretin bir hissəi qırılıb köynəyinin arasına düşdü və bədənini yandırdı. Xəcalətindən qıpqırmızı olmuşdu”.

E. Allahverdiyevin sözlərinə görə, İlham subay vaxtı gəmi təmiri zavodunda işləyəndə bəzən günlərlə evə gəlmirdi. Ona “niyə evə gəlib yuyunub-rahatlanmırsan?” deyəndə isə cavabı belə olub: “Qardaş, buradakı qadınları gecə necə tək qoyum gəlim? Birdən sataşan-zad olar”.

İlham həm də vətənini sevirdi. Hamı kimi yox, görünür, hamıdan bir qədər artıq sevirmiş. Hətta cibində Cənubi Azərbaycanla aradakı sərhəd xətləri sökülərkən Naxçıvandan gətirdiyi bir parça məftil gəzdirirdi. Onu Bakıda qardaşına göstərib “Gün gələcək, bu sərhədlər götürüləcək, bütöv Azərbaycan olacaq” demişdi.

20 yanvarda atılan ilk güllə İlhama dəyib…

O müdhiş gecə qardaşıgildə idilər. İlham ora gələrkən əyninə qara fəhlə paltarı geyinmişdi. Qardaşının “bu nədi geymisən?” sualına “heç, elə-belə. Tonqalın qırağına çıxacam” cavabını verir. O vaxt Bakıda mitinqlər gedir, camaat gecələr həyətlərdə yığışıb tonqal qalayırdı. Qardaşıgildə televizora baxdıqları yerdə işıqlar birdən kəsilir və İlham bir neçə dostu ilə evdən çıxır. Onlar bayırdan güllə səsləri eşidərək həmin səslərə doğru gedirlər. O vaxt əksəriyyət bunların əsl güllə olduğuna inanmırdı. Hətta gecənin qaranlığında işıq saçan güllələri fişəng sananlar da var idi. Amma bu güllələr həqiqi çıxdı. Hətta o qədər həqiqi ki, 131 insanı qanına qəltan da elədi.

İlhamın qardaşının həyat yoldaşı Afət Allahverdiyevanın sözlərinə görə, o gecə gedərkən İlham körpələrlə bərk-bərk görüşüb vidalaşıb da: “Deyirlər, uşaqlar ölümü hiss edirlər. Elə bil onda da uşaqlar, doğurdan da, İlhamın öləcəyini hiss edirdilər. Körpələr ona elə sarılmışdılar ki... Qızım boynundan yapışıb getməyə qoymurdu, bəlkə də, gəlməyəcəyini duymuşdu”.

İlhamın ən son görüşdüyü adam isə atasının adını daşıyan qardaşı oğlu Əjdər idi. Körpəni İlham da, Fərizə də həddindən artıq çox istəyirdilər. Elə Fərizənin də ən son görüşdüyü bu balaca idi. Onların ölümündən bir il sonra isə o dünyadan köçür. Onu İlhamın birinci dəfə dəfn olunduğu qəbirdə basdırırlar.

Bakı güllə səsləri, “azadlıq!” bağırtıları, qan və ah-nalə içərisində qovrulurdu. O gecə heç kim yatmamışdı. Artıq İlhamın son təbəssümündən ailəsini saatlar ayırırdı. Həmin gecə İlham qayıtmadı. Fərizə dəli kimi olmuşdu, onu heç cür sakitləşdirə bilmirdilər. İlhamı qardaşı Elxan axtarmağa getmişdi. Sonradan onun bir neçə nəfərlə qara geyinərək meydana çıxdığı, ondan bir qədər əvvəl isə Hökumət Evinin qarşısında bir nəfər naməlum şəxslə görüşdüyünü demişdilər. Amma həmin şəxsin kimliyi isə bu günə qədər bilinmədi. Həmin gecə İlhamın ətrafında olan şahidlərin sözlərinə görə, o, əli silahlı əsgərlərə “soldatı, ne strelyayte, oni je bez orujie”, deyə müraciət edir. Elə bundan sonra 20 Yanvar qətliamında açılan ilk güllə də İlhama dəyir. Zəhərli güllə onun daxili orqanlarını parçalayır.

Qan çəkir…

Ailəsi isə onu hər yerdə axtarırdı. Gecə ikən axtarışa başlayan ailə üzvləri bütün mümkün vasitələrlə paytaxt küçələrini ələk-vələk ediblər. Anası ilə birgə İlhamı axtaran qardaşı həmin anları belə xatırlayır: “Anamla qardaşımı axtara-axtara Respublika Klinik Xəstəxanasının qarşısına gəlib çıxdıq. Yerdə, quyunun dəmir qapağının qarşısında qan gölməçəsi var idi. Anam qanı görüb inildədi: “Can bala, can. Bu hansı anası ölmüşün qanıdır? Nə şirin qandı...” Biz sonradan bildik ki, İlhamı orada vurmuşdular”. Sonra xəstəxanada onun şərfını tapırlar. Burada olmasına gümanları artır. Daha sonra xəstəxanada axtarışları davam etdirən Elxana bir nəfər yaxınlaşaraq kimi axtardıqlarını soruşur. İlhamın şəklini göstərəndən sonra “qardaş, onu yaralıların arasında axtarmayın” deyir. Yalnız bundan sonra Elxan nə qədər çarəsiz olduğunu anlayır. Anasını dilə tutub evə gətirərək axtarışlar üçün başqa yerə getdiyini bəhanə edib xəstəxananın morquna qayıdır...

Onu maşının işığında qazdıqları qəbirdə basdırırlar

...Güllə İlhamın daxili orqanlarını dəlik-deşik etmişdi. O, xəstəxanaya 00:10-da qəbul edilib. Təcili əməliyyata qaldırılıb. Elə əməliyyat başlayanda isə işıq sönüb. Bəlkə də, İlhamın qaranlıq dünyada həyatı o andan başlayır. Yaralını qəzeti yandıraraq onun işığında əməliyyat edirlər. Güllə onun qara ciyərini, dalağını, mədə-bağırsağını parçalamışdı. İlham çoxlu qan itirdiyindən ona qan vurmaq lazım idi. Öz qanını yenidən özünə vurmuşdular.

İlhamın ölümqabağı dediyi son söz isə “ana” kəlməsi idi. Ölüm ayağında anasını istəyən şəhidin son arzusu da özü ilə bərabər gedir. Elə anasını da ən çox yandıran bu idi.

Qardaşı İlhamla son görüşünü xatırlayanda isə özünü saxlaya bilməyib hönkür-hönkür ağladı. Özünü zorla ələ alıb son görüşü təsvir etdi: “Bütün bədəni qan içində idi. Onu kobud şəkildə tikmişdilər. Tikişlərin arasından şlanqlar sallanırdı. Amma üzü gülürdü...İlhamı bərk-bərk bağrıma basıb hönkürdüm...”

İlhamı maşına qoyub evə gətirirlər. Evə çatanda qardaşı Elxan birdən yuxudan ayılır. Birdən dərk edir ki, qan içində, güllələrin parça-parça etdiyi İlhamı bu vəziyyətdə evə aparsa, anasının ürəyi partlayar. Maşını geri sürüb məscidə gedirlər. Yolda rus əsgərləri onları buraxmaq istəmir. Bir ailədən üçüncü şəhid də ola bilərdi. Rus əsgərinin atdığı güllənin istiqamətini son anda polkovnikin avtomatı əli ilə itələməsi dəyişir. Güllə Elxanın alnını yalayıb keçir. Birtəhər onlardan uzaqlaşıb meyiti məscidə apara bilirlər. Onu Ağdamda atasının yanında basdırmq istəsələr də, molla meyitdən qan getdiyinə görə uzaq yerə aparmağı məsləhət görmür. Onu Xırdalan qəbiristanlığında maşın işığında qazdıqları qəbirdə basdırırlar...

Bir məzarda uyuyan üç nəfər…

...Heç kəs onun ölümü ilə barışa bilmirdi. Ailədə hamı fəryad edirdi. Bu acını sona qədər qəbul etməyən isə həyat yoldaşı Fərizə olur. Anası Bağda Nəbiyevanın sözlərinə görə, o, İlhamsız həyatın və İlhamsız yaşamağın mümkün olmayacağını dərk edirdi. Buna görə də, ona təskinlik verənlərə qəzəblənirdi: “Siz nə danışırsız, mən necə sakit olum? İlhamı buz kimi torpağa basdırıb necə sakit olum? Onsuz yaşamaq istəmirəm, məni tutmayın, məni saxlamayın burada. Onun yanına gedəcəyəm!”

İlhamı basdıran gün də ayaqyalın "Şamaxinka"ya qədər qaçıbmış... Bir dəfə üstünə neft töküb yandırmaq istəsə də, son anda əlindən kibriti ala biliblər. Amma ikinci dəfə onu qorumaq mümkün olmadı. Səhər tezdən bir stəkan sirkə turşusu içən Fərizənin mədəsi parçalanmışdı.

Afət Allahverdiyeva bu 25 ildə onun ölümü ilə barışa bilmədiklərini deyir: “Səhər onun iniltisinə oyandıq. Anası və bacısı onu öz aralarında yatırmışdılar ki, muğayat olsunlar. Səhərə yaxın durub gedib sirkə içib. Xəstəxanaya aparana qədər artıq keçinmişdi. Bunu o zaman başa düşmürdük, yəqin, cavan idik, ona görə. Elə bilirdim sağdı, bütün yol boyu qucağımda sıxıb öpürdüm. Üzü gözümün qabağından getmir...”

Fərizənin ölümü həm də təkcə onun ölümü deyildi. O, bətnində daşıdığı iki aylıq körpəni də öldürdü. Bir valideyn üçün övlad itkisindən dəhşətli heç nə yoxdur. Məncə, övladını itirmiş ata, yaxud ananı heç nə ilə qorxutmaq mümkün deyil. Onlar həyatın ən ağır zərbəsini almışdılar... Amma medalın axı o biri üzü də var. Onlar – bir qəbirdə yatan üç insan birgə ayrılıqları ilə birgə sevgilərini nümayiş etdirdilər.

Onlar qoşa girdikləri evdən qoşa da çıxdılar…

Bəlkə də, ayrı-ayrılıqda çoxumuz İlham Allahverdiyevin və Fərizə Nəbiyevanın kim olduğunu bilməyəcəyik. Görünür, bu da bir xoşbəxtlikdir, hətta öləndən sonra da yaddaşlarda birgə yaşamaq xoşbəxtliyi... Onlar öz adlarını hər yerə qoşa yazdırdılar. Hətta başdaşına da. İlham və Fərizə deyəndə onları balaca uşaq da, yaşlı da, cavan da hər kəs tanıyır. Onlar öz tarixlərini özləri yaratdılar. İkisi də sevgisi uğrunda öldü. Biri vətənin namusunu hər şeydən uca tutaraq, digəri də öz namusu və sevgisi uğrunda.

Hamı onların 6 ay 19 gün evli olduqlarını deyir. Əslində isə onlar heç ayrılmadılar ki... Bu evlilik bitdimi məgər? Həmişə bu barədə danışanda mənə elə gəlir ki, İlham və Fərizənin evliliyi dünyanın əbədi evliliklərindən sayıla bilər. Onlar təkcə 6 ay bir yerdə olmadılar. Onlar qoşa girdikləri evdən qoşa da çıxdılar. İlhamı Xırdalan qəbiristanlığından çıxarıb Şəhidlər Xiyabanında dəfn etməyə aparanda, artıq Fərizə də onunla o biri dünyaya getməyə hazır idi.

Sonda onu da qeyd edim ki, ailəsi onlara olan münasibətdən çox razılıq etdi. Onlar haqqında filmlər çəkilib, kitablar yazılıb, hətta nağıllar belə qoşularaq orta məktəb dərsliklərinə salınıb. Onların sevgilərinə etdikləri sədaqətin nümayişini hər gənc özü üçün örnək saya bilər.

Hətta onların toy günü – 30 iyun Azərbaycanda qeyri-rəsmi olsa da, Sevgililər Günü kimi qeyd olunur. Toy günü İlham və Fərizənin qəbrini ziyarət edib, sevgilərinə onlar kimi sadiq olmayan gənclərimiz də tapılır.

Onların adlarını əbədiləşdirən bir park salınsa, yeni evlənənlərin sadiqlik andı içmələri üçün bir məkan da olsa, yaxşı olmazdımı? Bir də bunu düşünək. Onların cənnətdə qovuşan ruhlarını sevindirmək üçün!

Gülnar Əliyeva

FOTO Elçin Murad


Müəllif:

Oxşar xəbərlər