Elm və təhsil naziri Emin Əmrullayev pensiya yaşına qədər işləməklə bağlı ağır qərarların verilməli olduğunu bildirib.
Teleqraf.com xəbər verir ki, bu barədə nazir "Güclü iqtisadiyyat üçün Azərbaycanda peşə təhsilinin inkişaf yolu: gələcəyə baxış" adlı konfransda çıxışı zamanı danışıb.
Onun sözlərinə görə, bu gün kimsə işindən ayrılanda ciddi problem yaranır. Halbuki, proqram dəyişirsə, kadr dəyişikliyi də qaçılmazdır.
Nazir bildirib ki, kimsə pensiya yaşına qədər işdə qalmalıdır yanaşmasının dəyişməsi ağrılı qərardır: "Biz seçim etməliyik, ya heç kimə dəymirik və hər şey də olduğu kimi qalacaq, ya da dəyişiklik üçün ağır qərarlar verməliyik. Məzmun və keyfiyyət arasında əlaqə kiminsə əməkhaqqı və ya vəzifədən çıxması ilə bağlılıq təşkil edir".
E.Əmrullayev əlavə edib ki, həmin şəxslərin yenidən ixtisas dəyişməsi və kvalifikasiyanın artırılması sözdə asan görünsə də, çox çətin prosesdir: "Peşə təhsilində mərhələli şəkildə adambaşına maliyyələşdirmə mexanizminə keçid təmin edildi. İnanıram ki, bu proses olduqca səmərəli olacaq".