Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzində “Heydər Əliyev İli”nə həsr olunmuş “Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə yeri və rolu” mövzusunda tədbir keçirilib.
Teleqraf.com xəbər verir ki, tədbirdə FHN-in Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev, Regional Mərkəzin şəxsi heyəti və FHN-in digər yerli strukturlarının məsul əməkdaşları, Nazirliyin Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsinin şöbə müdiri Fərid Gülməmmədov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Əmirxan İsayev iştirak ediblər.
Əvvəlcə, tədbir iştirakçıları xalqımızın Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət edərək önünə gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbri giriş sözü ilə açan Sumqayıt Regional Mərkəzinin rəisi polkovnik Vaqif Fətullayev Ümummilli Lider Heydər Əliyevin Vətən, xalq qarşısında misilsiz xidmətlərindən danışıb, ölkəmizin hazırda Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müdrik rəhbərliyi ilə sürətlə inkişaf etdiyini, qarşıya qoyduğu hədəflərə çatdığını bildirib.
Ulu Öndərin Azərbaycanın inkişafı və milli dövlətçiliyin gücləndirilməsi istiqamətində böyük xilaskarlıq missiyasından danışan digər çıxış edənlər Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini, ərazi bütövlüyü və suverenliyimizin bərpa olunmasını tarixdə əbədi qalacaq hadisə adlandırıblar.
Tədbirin sonunda Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.