5 Fevral 16:20
1 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu günlərdə sosial şəbəkələrdə məlumat yayılmışdı ki, generallardan birindən qisas almaq məqsədilə Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng olunub və onun oğlunun toyu keçirilən restorana bomba qoyulduğu xəbər verilib. Bu məlumat əsasında çoxsaylı polis əməkdaşları toy mərasimi vaxtı restorana gəlib, orada axtarış aparıblar.

Teleqraf.com xəbər verir ki, yayılan məlumatda generalın kimliyi açıqlanmasa da, Gununsesi.info bu hadisənin təfərrüatını öyrənib.

Məlumata görə, söhbət Naxçıvanda yerləşən Heydər Əliyev adına Hərbi liseyin sabiq rəisi, general-mayor Elman Orucovdan gedir. Onun oğlu Məhəmməd Orucovun toyu Bakıdakı məşhur restoranlardan birində olub.

2013-2019-cu illərdə Hərbi liseyin rəisi olmuş Elman Orucovdan qisas almaq istəyən şəxs də onun rəhbərlik etdiyi dövrdə liseydə təhsil almış kursant olub.

Onun sözlərinə görə, 2018-ci ildə liseyi bitirəndən sonra təhsilini Daxili Qoşunların Hərbi Akademiyasında davam etdirmək istəyib.

Amma liseyin rəisi buna imkan verməyib. Onu Müdafiə Nazirliyində bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasında ali təhsil almağa göndəriblər.

İllərlə liseyin rəisinin ona qarşı haqsızlıq elədiyini düşünən kursant ali təhsilini də bitirib, leytenant rütbəsində işə başlayandan az sonra Elman Orucovun oğlunun toyu olacağını eşidib və bu yolla ondan qisas almaq qərarına gəlib.

O, taksafondan “102”yə zəng edib ki, “restorana bomba qoyulub, yeməklərə zəhər qatılıb”.

Polislər də toyda yüksək vəzifəli şəxslərin, generalların iştirak etməsini nəzərə alaraq, informasiyanı inandırıcı sayıblar:

“Restoranda stolların altını, bəy-gəlin kürsüsünü, mətbəxi – hər yeri axtarıblar. Toydakı adamlar da təşvişə düşüb ki, nə baş verib?”

İnformasiyanın əsassız olduğu aydınlaşandan sonra “102”yə kimin xəbər verdiyi müəyyənləşdirilib və onun haqqında Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsilə cinayət işi başlanıb. Ona yekunda 5 il şərti cəza verilib.

General-mayor Elman Orucov da ondan şikayətçi olmayıb. Deyib ki, onu sakit təbiətli kursant kimi tanıyırdı. Ona gənc zabitlər üçün həmişə elit başlanğıc sayılan bölük komandirinin şəxsi heyətlə iş üzrə müavini ixtisasını seçməyi təklif edib.

Generalın sözlərinə görə, onu bu ixtisasa böləndə əksinə, ona yaxşılıq edib:

“Mən özümdən zabit kimi xidmətə oradan başlamışam. Düzü, buna görə məndən qisas almaq istəməsinə çox təəccübləndim”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər