Mətbuat Şurasının sədri Rəşad Məcidin dediyinə görə, may-iyun aylarında Bakıdan Laçına böyük sovqat göndəriləcək – ölkənin tanınmış yazıçıları “Simurq”a kitab aparacaqlar.
Aksiya barədə suallarımızı Rəşad Məcid cavablandırdı.
- Hər şey ondan başladı ki, jurnalist dostumuz Lalə Əliyevanın sosial şəbəkə paylaşımında bir xəbər gördüm. Həmkarımız yazmışdı ki, Laçında “Simurq” kitabxanası açılıb.
- Əslən Laçından olan bir söz adamı kimi bu fakta laqeyd qala bilmədiniz, eləmi?
- Elədir. O kitabxanaya dəstək vermək qərarına gəldim. Öz kitablarımdan və şəxsi kitabxanamdakı maraqlı kitablardan yığıb Laçına göndərdim. Bu işdə laçınlı yazar Təranə Vahid də köməyimə gəldi, sıranı genişləndirdik. Anarın, Sabir Rüstəmxanlının, Nəriman Həsənzadənin avtoqraflı kitablarını Laçın kitabxanasına göndərdik.
Bu aksiyanın xəbəri yayılan kimi yazıçılardan bizə çoxlu müraciətlər daxil oldu. Təşəbbüsə hər kəs qoşulmaq istədi.
- Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirlinin də belə bir layihəsi vardı...
- Torpaqlarımız işğaldan azad olunandan sonra bildirildi ki, həmin ərazilərdəki kitabxanaların hamısı, yəni minlərlə kitabımız məhv olub. O zaman Kərim müəllim ilk olaraq Şuşadakı kitabxananın bərpası üçün “Qarabağa kitabla gedək” layihəsini həyata keçirdi.
- Sizin şəxsi təşəbbüs kimi başladığınız imzalı kitab toplama aksiyasının davamı olacaqmı?
- Mütləq olacaq. Avtoqraflı kitabları Yazıçılar Birliyində xüsusi bir guşəyə toplamışıq. Nəzərimizdə var ki, gələn ay müəlliflərin özlərilə bərabər Laçına səfər edək, yerli sakinlərlə görüş keçirək, kitab payımızı da kitabxanaya bağışlayaq.
- Laçındakı "Simurq" kitabxanasına nəzarət edən əslən laçınlı Zülfiyyə Hüseynovaya bu xəbərin müjdəsini də biz verdik. “Yazıçılarımız xoş gəlib səfa gətirirlər”, - deyən Zülfiyyə xanım qonaqlar səbirsizliklə gözlədiklərini bildirdi.
- Əminəm ki, belə bir görüş bizim kitabsevərlərin ürəyincə olacaq. Ümumiyyətlə, bizim kontingentimiz əsasən Laçın məktəbliləridir – gəlirlər, kitab götürürlər, oxuyurlar. Kitabxana olaraq çevrəmizi genişləndirik. Kitablar gəldikcə, Zabux kəndinə də kitab aparacayıq, əsgərlərimizə də göndərəcəyik.
Yaxşı olardı ki, ölkədəki nəşiyyatlar çap olunan hər yeni kitabdan 1-2 nüsxə bizim kitabxanaya pay göndərsinlər. Fondumuz zənginləşdikcə oxucularımızın marağı artacaq. İstəyirik ki, kitabxanamız canlı ünsiyyət məkanına çevrilsin. Bu məqsədlə məktəblilər arasında Azərbaycanın ən böyük mobil kitab tətbiqi “Audiokitab”ın oyun-müsabiqəsini keçirmişik.
Bakı Abadlıq Xidmətinin təşəbbüsü ilə qaliblərə mükafatlar da verilib. Yaxın günlərdə oyunun növbəti mərhələsi keçiriləcək. Artıq uşaqlar komandalara bölünüblər. Daha çox kitab oxumaq uğrunda yarışlar gedir. Gələcəkdə səyyar kitabxanaya keçməyi də planlaşdırırıq.
Ümumiyyətlə, kiçik bir məkanda yaratdığımız “Simurq” kitabxanasını Qarabağda mədəni hadisələrin ünvanına çevirmək niyyətindəyik.