30 İyun 21:50
355
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın mədəniyyət paytaxtı Şuşada ilk dəfə Kəlağayı festivalı keçirilib. Festival “Sazlı, sözlü kəlağayı günləri” layihəsi çərçivəsində Şuşa Dövlət Qoruğu İdarəsinin dəstəyi, Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə həyata keçirilib.

Bu barədə Teleqraf.com-a İctimai Birlikdən məlumat verilib.

Bildirilib ki, festival çərçivəsində Şuşa sakinlərinə qədim kəlağayılar, qurama əl işləri, rəsm əsərləri, kitablar təqdim edilib və konsert təşkil olunub. Sərgidə 200 qədimi kəlağayı, Güllü Eldar Tomarlının toxunma əl işləri, rəssam Gülnarə Məmmədovanın rəsm əsərləri, quramaçı Aybəniz Camalovanın əl işləri, yeni işıq üzü görən ''Anam - kəlağaydı, kəlağay - anam...'' kitabı təqdim olunub.

Əvvəlcə Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.

Çıxış edən Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri, Kəlağayı ev muzeyinin direktoru Güllü Eldar Tomarlı diqqətə çatdırıb ki, kəlağayı 2014-cü ildə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilib.

Güllü Eldar Tomarlı əlavə edib: “Bu əlamətdar tarixin 10 illiyi münasibətilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyi Azərbaycanın bölgələrində, həmçinin Naxçıvanda, elm və təhsil ocaqlarında festivallar, tədbirlər, sərgilər keçirir. “Sazlı-sözlü kəlağayı festivalı” Ermənistanın işğalından azad olunmuş Şuşada ilk dəfə həyata keçirilir. Məqsədimiz Azərbaycan kəlağayısının əvvəlki şan-şöhrətini özünə qaytarmaq və onu təbliğ etməkdir”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər