2 İyul 13:33
10 939
12 Punto 14 Punto 16 Punto 18 Punto

Elm və təhsil naziri Emin Əmrullayev VII ADA 2024 Beynəlxalq Təhsil Konfransında çıxışı zamanı bildirib ki, ilin sonuna kimi bir sıra məktəblərdə adambaşı maliyyələşmə sisteminə keçid planlaşdırılır. Onun sözlərinə görə, bu, bir neçə məktəbdə pilot layihə kimi həyata keçiriləcək. Nazir qeyd edib ki, sınaq uğurlu olsa, inkişaf üçün cəbhə yaranacaq. Bununla da məktəb muxtariyyəti və müəllimlər tərəfindən idarə olunması üçün yaxşı zəmin yaranacaq. Bəs adambaşı maliyyələşmə nədir? Bu təhsilin keyfiyyətinə necə təsir edəcək?

Təhsil eksperti Elçin Əfəndi Teleqraf.com-a açıqlamasında söyləyib ki, burada məktəbdən gedən hər şagird məktəbin büdcəsinə dəyən zərər kimi hesablanır:

“Nəticə etibarı ilə bütün kollektiv maraqlı olur ki, heç bir şagird getməsin. Məktəbdə nizam-intizam olur. Dünyada bu geniş yayılmış sistemidir. Düşünürəm ki, belə bir qayda Azərbaycan təhsilində tətbiq olunsa, xüsusilə şəhər məktəblərində uğurlu nəticə əldə etmək olar. Bu zaman müvafiq ödəniş ayrılacaq və həmin ödəniş hesabına müəllimlərin əməkhaqqı hesablanacaq.

Əgər bir müəllim auditoriyada 20 şagirdə dərs deyəcəksə, ona 20 şagirdə görə vəsait ödəniləcək. Bunu pilot layihə kimi başladacaqlar, özünü doğrultsa, tədricən digər orta məktəblərin hər birində tətbiq olunacaq. Nəticədə müəllimlərin əməkhaqqında artım olacaq. Həmçinin, müəllimlər çalışacaqlar ki, yüksək məvacib aldıqları üçün dərsləri sinifdə öyrətsinlər. Təbii ki, bəzi müəllimlərimiz bunu edirlər. Amma bəziləri öz bilik və bacarıqlarını dərs prosesində şagirdlərə öyrətmirlər.

Adambaşına maliyyələşməyə keçidlə bərabər imtahanlar da azalmış olacaq. Bu mexanizmin tətbiqi ilə repetitor istiqaməti sıradan çıxarıla bilər. Bu prosesin tətbiqindən sonra valideynlər övladları üçün daha yaxşı dərs keçən müəllimi seçmək istəyəcəklər”.


Müəllif: Şəbnəm Zahir

Oxşar xəbərlər