2 İyul 12:36
3 309
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanın nəqliyyat dəhlizləri ilə bağlı “Sülh qovşağı” layihəsi Qərb tərəfindən hazırlanıb.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri general-mayor Arşak Karapetyan deyib.

Onun sözlərinə görə, Qərbin Cənubi Qafqazda hədəfi Rusiyadan yan keçməklə Avropa Birliyinə nəqliyyat dəhlizlərinin açılmasına nail olmaqdır.

“Görünən budur ki, Ermənistan hakimiyyəti “yeni kapitulyasiya paketi” alıb və bu, qeyri-real qərar deyil”, - Karapetyan qeyd edib.

“Past” qəzeti yazır ki, İrəvan layihəni Azərbaycan, Türkiyə, Gürcüstan, İran və Ermənistan arasında həyata keçirməyə çalışır. Ermənistan rəhbərliyi projeyə qonşularla yanaşı, beynəlxalq tərəfdaşları da cəlb etmək istəyir.

Layihə yeni infrastrukturların yaradılmasını və mövcud olanların təkmilləşdirilməsini nəzərdə tutur. Ermənistan bu çərçivədə Azərbaycanla sərhəddə 5, Türkiyə sərhədində 2 nəzarət-buraxılış məntəqəsi açmağa hazır olduğunu bildirib. Nəşr Azərbaycan, Türkiyə və İranın layihənin qəti əleyhinə olduğunu qeyd edir.

“Rusiya da layihənin əleyhinədir, çünki Ermənistan hakimiyyəti Qərbin tələbi ilə üçtərəfli bəyannamənin (10 noyabr) 9-cu bəndinin tələbini yerinə yetirməkdən imtina edir. Bu bəndə görə, bölgədə (Zəngəzur) açılacaq kommunikasiyalara Rusiya Sərhəd Xidməti nəzarət etməlidir.

Qərb bu layihənin tərəfdarıdır, ancaq bir şərtlə ki, hansısa Qərb qurumu nəzarəti həyata keçirsin. Bir neçə gün əvvəl ABŞ dövlət katibinin müavini Ceyms Obrayen Bakıda bəyan etmişdi ki, Rusiya və Çindən yan keçən Azərbaycan-Ermənistan-Türkiyə yolu olmalıdır”, - nəşr vurğulayır.


Müəllif: Mənsur Rəğbətoğlu