Növbədənkənar parlament seçkilərində siyasi partiyaların iştirakı məsələsi gündəmdədir. Uzun müddət ictimai-siyasi proseslərdə yer almayan şəxslərin də bu seçkiyə qatılacağı iddia edilir. Bəlli zaman çərçivəsində ancaq ara-sıra açıqlamaları ilə yadda qalan partiya sədrlərinin növbədənkənar parlament seçkilərində güclərini sınayacağı müzakirə mövzusudur.
Teleqraf.com-a açıqlamasında ölkənin sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov seçkilərə qatılmaq iddiasında olduqlarını təsdiqləyib.
“Heç kəs narahat olmasın, biz də bu seçkilərə qatılacağıq. Təbii ki, mən özüm parlament seçkilərinə qatılmaq niyyətində deyiləm. Amma partiyadan yoldaşlar bu seçkidə iştirak edəcəklər”, - deyə əlavə edib.
İlyas İsmayılov bununla bağlı Ədalət partiyasının yekun qərarının olacağını söyləyib: “Rəsmi şəkildə partiyanın mövqeyini ifadə etməmişik. Amma fikrimiz var ki, bu seçkidə partiya olaraq iştirak edək. Seçkiyə neçə namizədlə qatılacağımızı hələlik dəqiqləşdirməmişik. Azadlıqdır, kim nə qədər istəyir, o qədər namizəd irəli sürə bilər”.