Donor çatışmazlığı bütün dünyanın qarşılaşdığı problemdir. Hər il yüzlərlə insan orqan nəqli gözləyərkən həyatını itirir. Çünki ölümündən sonra orqanlarını bağışlayan insanların sayı yetərincə deyil. Halbuki həyatını itirmiş şəxs böyrəyini, qaraciyərini, ağciyərini, ürəyini, bağırsaqlarını, mədəaltı vəzini və ya buynuzlu qişasını bağışlamaqla bir çox insana sağlam həyat bəxş edə, ölümündən sonra da bəşəriyyətə faydalı ola bilər.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin idarə heyətinin sədri Yeganə Abbasova ilə söhbətimiz bu barədədir.
- Yeganə xanım, Orqan Donorluğu və Transplantologiya üzrə Koordinasiya Mərkəzi 2 ildir ki, fəaliyyət göstərir. Ümumilikdə mərkəzin fəaliyyəti tansplantologiyada hansı rolu oynayır?
- Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi 2022-ci ilin avqust ayında Nazirlər Kabinetinin Sərəncamı ilə yaradılıb və Nizamnaməsi təsdiq olunub. Mərkəzin əsas fəaliyyət istiqamətləri Azərbaycan Respublikasında orqan donorluğu və transplantasiya işinin təşkili, əlaqələndirilməsi, transplantasiya əməliyyatı olunacaq resipiyentlərin, onların canlı donorlarının sənədləşmə prosedurlarının sistemləşdirilməsidir.
Bundan başqa, Mərkəzin fəaliyyətinə daxildir: Meyit donor orqanlarının verilməsi üçün təşviqat işlərinin aparılması; beyin ölümü protokolunun təsdiq olunması; Etika Komissiyasının yaranması.
- Bütün dünyada hər il orqan gözləyən neçə-neçə xəstə böyrək, qaraciyər, ya ürək çatışmazlığından dünyasını dəyişir. Halbuki orqan ianəsi bir çox insanın həyatını xilas edə bilər. Sizcə, insanlar niyə orqanlarını vəsiyyət etməkdən çəkinir?
Öləndən sonra orqanların ianə edilməsi xeyirxahlığın, şəfqətin, insanpərvərliyin, humanizmin tərənnümüdür. Azərbaycan xalqı bütün bu xüsusiyyətlərə malik olduğu üçün düşünürəm orqan bağışlanmasının nə olması barədə insanlarımız daha çox maariflənməlidirlər.
- İslam aləmində orqan donorluğu ilə bağlı təzadlı fikirlərlər var (hərçənd müasir islam alimləri orqan ianəsini dəstəkləyir), bu təzadlı fikirlər insanların qərarına təsir edə bilərmi?
- “İncil”də bu haqda heç bir şey yazılmayıb. Amma Qurani-Kərimin Maidə surəsində “Bir insanı xilas etmək bütün insanlığı xilas etmək deməkdir” kimi kəlamlar var. Və biz dünyamızı dəyişəndən sonra kimisə yaşadırıqsa, bu böyük bir savabdır. 1995-ci ildə İngiltərədə Müsəlman şəriət şurası Fatihi fətva verdi ki, islamda orqan bağışlanmasına icazə verilir.
- Elə orqanlar var ki, canlı insandan götürülə bilməz. Məsələn, ürək və ağciyər kombinasiyası... Demək, əgər orqan ianəsi olmasa, ürək və ağciyər xəstəliklərindən əziyyət çəkən insanları həyata qaytarmaq mümkün deyil və onlar bu kimi əməliyyatları ancaq xarici ölkələrdə etməyə məcburdurlar.
- Tamamilə doğrudur.
- İspaniyada hər bir insan potensial donor sayılır, beyin ölümü keçirən insanların orqanları yaxınlarından icazə alınmadan donor gözləyən xəstələrə köçürülür və neçə-neçə insan həyatı qurtarılır. Gələcəkdə bu təcrübədən digər ölkələrin də yararlanacağı gözlənilirmi?
- Ümumiyyətlə, keçmiş sovet ölkələri opt-out sisteminə daxil idi. Yəni sağlığında razılıq kartı olmayan şəxs də öləndən sonra donordur. Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Xorvatiya, Fransa, İtaliya, Finlandiya, Yunanıstan, Macarıstan, Latviya, Polşa, Portuqaliya, Panama, Slovakiya, İspaniya, İsveç və sair opt-out ölkələridir.
ABŞ, Braziliya, Ukrayna, Kanada, Çili, Kolumbiya, Afrika, Cənubi Koreya, Yaponiya, Tayvan, Avstraliya və sair opt-in ölkələrdir. Yəni yalnız sağlığında razılıq kartı olan öləndən sonra donordur.
- Amerikada 94 yaşlı atasının orqanlarını ianə edən adamın bu sözləri çox təsirli idi: "Atam həmişə insanlara yaxşılıq edib, bu onun növbəti hədiyyəsidir". Sizcə, orqan ianəsi insanlıq borcudurmu?
- Bəli, insan özünü yox, digərlərini düşünməklə ucalar – insan olar.
- Yeganə xanım, siz özünüz orqanlarınızı vəsiyyət etmisiniz. Bir insan, bir həkim kimi bu qərar sizin üçün nələri ifadə edir?
- Bu qərarımla kiməsə kömək etmək, insanlıq üçün yanmağın gözəlliyini yaşamaq, dünyamı dəyişəndən sonra həyatda qaldığına görə kimə borclu olduğunu bilməyən neçə-neçə insanın bədənində mənim zərrəciyimin yaşamasını, o adamlara həyat vermək istəmişəm.
- Siz pandemiya dövründə ən böyük klinikaların birinin reanimasiyasında baş həkim kimi çalışmısınız...
- Bəli, əvvəl BSM-də COVİD reanimasiyasını təşkil etdik, 2020-ci il may ayında artıq 15 reanimasiya çarpayımız doldu və 30-dan çox CPAP cihazında olan xəstəmiz oldu. 1 avqust 2020-ci ildən isə FHN Modul xəstəxanasında baş həkim müavini olmağıma baxmayaraq, reanimatoloq kimi çalışmağa başladım, COVİD bitəndən sonra Mərkəzə gəldim.
- Reanimasiyada orqan nəqli gözləyənlərin koronavirusla mübarizəsinin özünüz şahidi olmusunuz və onların həyatını qurtarmaq üçün böyük əmək sərf etmisiniz. Yəqin ki, bu ağır mücadilənin sizin orqan donorluğu ilə bağlı fəaliyyətinizə xüsusi təsiri oldu.
- Əlbəttə, COVİD-dən dünyasını dəyişənlərin ağciyər transplantasiyasına ehtiyacı vardı. Təəssüf ki, ölkəmizdə bu mümkün deyildi.
- 90-cı illərdə Siciliyaya səyahətə getmiş amerikalı ailənin 7 yaşlı oğlunun faciəli ölümü, valideynlərinin onun orqanlarını bağışlaması və beləliklə, altı adamın həyatını xilas etməsi İtaliyada orqan donorluğunda böyük bir irəliləyişə səbəb oldu. Demək ki, orqan ianəsi mərhəmətdən başqa, həm də bir cəsarət işidir.
- Bəli, həm xeyirxahlıq, həm cəsarət. Valideynlərin cəsarətliliyi onların İQ səviyyəsindən, ziyalılığından və xeyirxahlığından irəli gəlir.
- Əgər bir insan öz orqanlarını ianə edibsə və onun vəfatından sonra yaxınları etiraz edirsə, bu halda nə edilir?
- Opt in – ianə edibsə, yaxınlarından soruşulmur.
- Orqanını vəsiyyət etmiş adamın öz resipiyentini seçmək hüququ varmı?
- Əlbəttə ki, xeyr. İnsan hardan bilir ki, hansı şəraitdə dünyasını dəyişəcək. Heç kim bilmir donorluq şərəfi ona nəsib olacaq, ya yox?
- Orqanını vəsiyyət etmiş şəxsin sağlığında hansısa imtiyazları olurmu və yaxud gələcəkdə belə imtiyazlar nəzərdə tutulurmu?
- Digər ölkələrin təcrübəsinə baxdıqda, məsələn, məzar daşı üzərində kiçik görünməz donor nişanı ola bilər. Amma ümumiyyətlə donorluq təmənnasızlıq üzərində qurulmuşdur.
- Yeganə xanım, ilk böyrəkköçürmə əməliyyatlarına Azərbaycanda 1971-ci ildə başlanılıb. Hətta Şərqdə ilk böyrəkköçürmə əməliyyatı məhz ölkəmizdə həyata keçib. O vaxtdan bu günə tibbin bu sahəsində hansı yeniliklər, kəşflər olunub?
- 80-ci illərdə immunosuppressiv dərmanlar kəşf edildikdən sonra rejection (yad orqanın bədəndən ayrılması) sayları kəskin azaldı.
- Bununla belə, orqan transplantasiyası keçirən xəstələrin sonrakı yaşamında necə bir dinamika müşahidə edilir?
- Əlbəttə ki, illər keçdikcə təbabət də inkişaf edir. Transplantasiya sonrası göstəricilər analiz olunaraq dünya ədəbiyyatlarında yayılır və beləliklə, daha gözəl nəticələrin əldə edilməsinə imkanlar yaranır. Bu səbəbdən, bütün dünyada OPTN və digər adlar altında ODTKM-lər var ki, onların həkim transplantoloqlarla birgə araşdırmaları və analizləri nəticəsində transplantasiya sahəsində daha effektiv göstəricilərə nail olunmasına (donor orqanının resipiyent bədənində daha uzun müddətli fəaliyyət göstərməsinə, resipiyentlərin uzunömürlü olmasına və fəal həyat tərzi keçirmələrinə) yol açılmış olur.