“Jurnalist Təşəbbüslərinin Təşviqi” İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qərbi Azərbaycanlıların Qayıdış Konsepsiyasından irəli gələn məsələlərə ictimai dəstəyin artırılması” layihəsi çərçivəsində veriliş hazırlayıb.
Verilişimizin qonağı AMEA Əlyazmalar İnstitutunun elmi işçisi, fəlsəfə doktoru Rübabə Şirinovadır.
Rübabə Şirinovanın özü də Ermənistanın deportasiyasına məruz qalmış soydaşlarımızdandır. O, əslən İrəvan şəhəri, Basarkeçər rayonunun Zərkənd kəndindəndir.
Eyni zamanda Qərbi Azərbaycana Qayıdış İcmasında təmsil olunan R.Şirinova Qayıdış Konsepsiyasının mükəmməl sənəd olduğunu bildirdi: "Qərbi Azərbaycana Qayıdış İcması öz fəaliyyətini peşəkar səviyyədə qurub. Bu gün Azərbaycanda elə bir rayon yoxdur ki, orada qərbi azərbaycanlı olmasın. Onların siyahıya alıması başa çatıb. Ermənistandan olan 300 min soydaşımız bu gün Azərbaycanda yaşayır. Hamımız İcmada qeydiyyata düşmüşük və çox böyük səbrsizlikdə öz dədə-baba yurdumuza dönəcəyimiz günü gözləyirik. Qərbi Azərbaycanla bağlı tarixi, elmi araşdırmalar aparılır və mükəmməl əsərlər ortaya qoyulub. Mən deportasiya prosesinin canlı şahidiyəm. Babalarım Göyçə mahalının sayılıb seçilən adamları olub. Şirin babam və onun oğlu Aşıq İdris tanınmış adamlar olub. Şirin babamın atasına da Pullu Məhərrəm deyərdilər. O, Göyçə mahalında Gilizçayı üzərində körpü saldırmışdı. O körpüyə "qızılı körpü" də deyirdilər. Ermənilər orada fəhlə kimi işləyiblər. Bir gün görürlər ki, erməni fəhlələr işləmirlər. Səbəbini soruşduqda deyirlər ki, Məhərrəm siqaretin yarısını indi, yarısını sonra çəkən adamdır, xəbisə oxşayır, bizə pul verməyəcək. Babam bunu eşidir və gəlib deyir ki, körpünün dirəklərinin basdırılacağı yerləri mənə deyin. Yerlərini deyirlər və babam da hər dirəyin yerinə qızılı pul atır. Ondan sonra o körpünün adı "Qızılı körpü" olur. Şirin bababamın yazıb yaratdığı şeirlər, nağıllar erməni arxivlərində qalıb. Bu gün bizim əlimiz o arxivə çatmır. Aşıq Şirin də ilk ustad dərsini Şirin babamdan alıb".
R.Şirinovanın Qərbi Azərbaycanla bağlı daha geniş təəssüratı və fikirlərilə verilişi izləməklə tanış ola bilərsiniz.