1920-ci ildən sonra Türkiyədə fəaliyyət göstərən azərbaycanlı mühacirlər “Yeni Kafkasya”, “Azəri Türk”, “Odlu yurd”, “Bildiriş”, “Azərbaycan yurd bilgisi”, “Türk amacı”, “Azərbaycan”, “Türk izi” kimi qəzet və jurnallar çap ediblər. Bu mətbu orqanlar arasında Ankarada 1952-1963-cü illərdə müəyyən fasilələrlə işıq üzü görmüş Azərbaycan Milliyyətçilər Dərnəyinin “Türk izi” məcmuəsi özünəməxsus yer tutur.
“Azərbaycan Milliyyətçilər Dərnəyi” 8 fevral 1952-ci ildə Ankarada qurulub. Dərnəyin Nizamnaməsinin 1-ci maddəsində yazılıb: “Dərnək siyasətlə məşğul olmur. Mərkəzi Ankaradadır, şöbəsi yoxdur”. İkinci maddədə isə dərnəyin yaradılmasının məqsədləri açıqlanıb: Böyük türk aləminin bir parçasını təşkil edən Azərbaycanın tarixini, kültürünü, iqtisadiyyatını incələmək və yaymaq; Vətən, hürriyyət və milli müqəddəsat əsaslarına dayanan Azərbaycan türk milliyyətçiliyini işləmək və türk əxlaq, adət və gələnəklərinə uyğun yaşamağı təlqin etmək; Azərbaycanlı mühacirlərə mənəvi yardım etmək və onların türk camiəsinin əxlaq və fəzilət sahibi olan milliyyətçi fərdi olaraq yetişməsinə və yaşamasına yardım etmək; Möhtac azərbaycanlılara və maddi durumları səbəbi ilə təhsillərinə davam edə bilməyən azərbaycanlı tələbələrə dərnəyin imkanları daxilində yardım etmək və yatılı məktəblərə yerləşdirilmələrinə çalışmaq; Azərbaycan türk milliyyətçiliyi əleyhindəki cərəyanlarla fikir və mətbuat yoluyla mücadilə etmək; Fəaliyyəti və məqsədi daxilində qəzet, məcmuə, kitab, risalə çıxarmaq və toplantılar tərtib etmək.
Nizamnamədə dərnəyin qurucuları kimi bu şəxslər göstərilib: Əhməd Ulusoy (mühasib), Əli Taşkənt (mühəndis), Çingiz Göygöl (inşaatçı), Hidayət Turanlı (mühəndis), İsa Göçər (mühəndis), İskəndər Xoyxan (hüquqşünas), Qədir Dilican (mühəndis), Məhəmməd Altunbay (pilot), Nağı Bayramgil (mühasib), Niyazi Kürdəmir (müəllim), Səfvət Zərdabi (mühəndis).
7 iyun 1953-cü ildə Ankarada “Demirspor” salonunda dərnəyin ilk illik qurultayı keçirilib. Qurultayın sədrliyinə İskəndər Xoyxan, müavinliyə Heydər Novruzxan, katibliklərə Nağı Bayramgil və Əhməd Ulusoy seçilib. Dərnək sədri Hidayət Turanlı idarə heyətinin illik hesabatını oxuyub, müzakirə aparılıb. Qurultayda keçirilən yeni seçkilər nəticəsində Hidayət Turanlı yenidən sədr olub. Əhməd Ulusoy, Əziz Alpoud, Qədir Dilican, Səfvət Zərdabi idarə heyətinə, Zihni Hızal, Məhəmməd Altunbay, Niyazi Kürdəmir nəzarət heyətinə, Nağı Bayramgil, İskəndər Xoyxan, Heydər Novruzxan intizam şurasına seçiliblər. H.Turanlı qurultaydakı çıxışında idarə heyətinin bir il ərzində 29 dəfə toplandığını, dərnəyin 200 üzvü, iki nəfər də fəxri üzvü olduğunu qeyd edib.
Dərnəyin bəzi üzvləri – Səfvət Zərdabi, Çingiz Göygöl, İsa Göçər və Niyazi Kürdəmir ayrı bir toplantı keçirərək Səfvət bəyi sədr seçiblər. Bu məsələ məhkəməyə çıxarılıb, nəticədə məhkəmə Hidayət Turanlının sədrliyini qəbul edib.
AMD 20 noyabr 1954-cü ildə “Türk Ocağı” salonunda “Azərbaycan türkləri gecəsi” adlı tədbir keçirib. 30 dekabr 1954-cü ildə Hacıbayram məscidində Azərbaycan İrtibat Heyətinin sədri Əbdürrəhman Fətəlibəylinin Qərbi Almaniyada qətlinin 40-cı günü münasibətilə mövlud oxudub. 4 fevral 1956-cı ildə “Sənətsevənlər Klubu”nun salonunda AMD “Azərbaycan gecəsi” təşkil edib. 10 iyun 1956-cı ildə Ankarada “Türk Ocağı”nın salonunda dərnəyin növbəti qurultayı baş tutub. Qurultayda dərnək sədrliyinə yenidən Hidayət Turanlı, sədr müavinliyinə Əhməd Ulusoy, idarə heyəti üzvlüyünə Əli Əzizli, Yusif Akpınar, Nağı Bayramgil, Qədir Dilican, Şirin Şirvanlı, nəzarət heyətinə Fikri Aras, Suat Ballar, Orxan Bayramgil, intizam divanına Əhməd Günəri, İskəndər Xoyxan, Heydər Novruzxan seçiliblər. Yeni idarə heyətinin ilk toplantısında katibliyə Nağı Bayramgil, mühasibliyə Əli Əzizli, “Türk izi” nəşriyyat müdirliyinə Qədir Dilican təyin olunub. 27 aprel 1957-ci ildə AMD “Türk Ocağı” salonunda Cümhuriyyətin işğalının ildönümü münasibətilə tədbir keçirib. 1 iyun 1958-ci ildə AMD “Türk Ocağı” salonunda Azərbaycan Cümhuriyyətinin quruluşunun 40-cı ildönümü münasibətilə yığıncaq təşkil edib. 24 yanvar 1959-cu ildə AMD “Karpiç” şəhər lokantasında “Azərbaycan gecəsi” tərtib edib.
Dərnəyin fəaliyyəti 1970-ci illərə qədər davam edib.
“Türk izi” jurnalı
Jurnalın ilk sayı 1952-ci ilin may ayında işıq üzü görüb. Nəşriyyat müdiri mühacir Çingiz Göygöl olub. Dərnək qurucularının adından dərc olunmuş bəyanatda jurnalın Azərbaycan istiqlal mübarizəsini təmsil edəcəyi bildirilib. İlk sayda Azərbaycan Cümhuriyyətinin quruluş dövrü haqqında məqalə verilib, eləcə də Məhəmməd Altunbayın “28 May”, İ. Çingizin “Ağaoğlu Əhməd”, Hidayət Turanlının “Rus imperializminin ehtirasları”, Əli Taşkentin “19 May”, Niyazi Kürdəmirin “Azərbaycan və mühacirətlər”, Çingiz Gökgölün “Azərbaycan türk milliyyətçiliyi” və digər məqalələr dərc olunub.
“Türk izi”nin iki mühüm yazarı olub: Azərbaycan milli mətbuatının qurucusu Həsən bəy Zərdabinin oğlu Səfvət Zərdabi və Azərbaycan Cümhuriyyətinin Baş naziri olmuş Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmir. Səfvət bəyin bu məcmuədə “Azərbaycanın istiqlalına gedən yollar”, “Millətimizi parçalama təşəbbüsləri”, “Birlik”, Niyazi Kürdəmirin “Erməni-gürcü ittihadı”, “Aktuallıq məsələsi”, “Dərsdən ibrət almayan qafillər”, “Tərd və təkrar qəbul”, Çingiz Gökgölün isə “Milli dava”, “Milli təsanüd ehtiyacı”, “Azərbaycan türklüyünün kommunizmlə mücadiləsi”, “Azad insanlığın vicdanı hərəkətə keçməlidir”, “Matəm günümüz” kimi yazıları işıq üzü görüb.
Jurnalda vaxtilə Qarayazıda ruslara qarşı partizan hərəkatında iştirak etmiş Nağı Bayramgilin “Qızıl istilanın doğurduğu Azərbaycan üsyanlarından xatirələr”, “QPU zindanlarındakı gecələrin qanlı mənzərələri” adlı xatirə yazıları və bir sıra məqalə və şeirləri də dərc olunub. Azərbaycan Cümhuriyyətinin sonuncu daxili işlər naziri olmuş Mustafa Vəkiloğlu da bir neçə məqaləsi ilə jurnalda iştirak edib. Dərgidə həmçinin Nəbi Turablı, Hüseyn Camal Yanar, Əli Taşkent, Hidayət Turanlı, Lətif Elsevər, Əziz Alpoud, Nurulla Muğanlı kimi müəlliflər məqalələr yazıblar. 1963-cü ildən sonra dərginin nəşrinə rast gəlmirik.
Əhməd Ulusoyun xatirələri
Azərbaycan Milliyyətçilər Dərnəyinin qurucularından biri olan Əhməd Ulusoy (Bünyadov) II Dünya müharibəsindən sonra Türkiyəyə gedən mühacirlərdən olub. O, 1995-ci ildə verdiyi müsahibəsində uzun illərdən sonra dərnək və jurnal haqqında maraqlı xatirələr bölüşüb: “Dünyanın bir çox bölgələrinə səpələnmiş həmvətənlərimiz ilə ünsiyyət saxlamaq və varlığımız uğrunda birgə mübarizə aparmaq məqsədilə Ankarada Azərbaycan Milliyyətçilər Dərnəyini yaradıb, onun “Türk izi” adlı orqanını təşkil etdik. Toplu, demək olar ki, kollektiv əməyin bəhrəsi idi. Buraya əsli Borçalıdan olan Hidayət bəy Turanlını, Çingiz Göygölü, Nəsib bəy Yusifbəylinin oğlu Niyazi Kürdəmiri, Həsən bəy Zərdabinin oğlunu və başqa qələm sahibi olan ziyalılarımızı cəlb etmişdik. “Türk izi”ndə nəinki o dövr, hətta indinin özü üçün maraqlı ola biləcək çoxlu tarixi və ədəbi materiallar dərc edilmişdir. Təxminən 1950-ci ildən başlayaraq 15 ilə yaxın bir müddətdə nəşr olunan dərgimiz Türkiyədəki siyasi oyunbazlığın nəticəsində qapandı, təşkilatımızın fəaliyyəti isə donduruldu... Tezliklə dərnəyin üzvləri izlənilib “saf-çürük” edildilər, dərgimiz isə satış və ictimai yerlərdən yığışdırıldı”.
Azərbaycan Milliyyətçilər Dərnəyi Ankarada Məhəmmədəmin Rəsulzadənin fəxri sədri olduğu Azərbaycan Kültür Dərnəyinə rəqib olub, onun “Azərbaycan” jurnalı ilə “Türk izi” bir-birinə qarşı ittihamlar irəli sürüblər. Amma dövrün bu xarakterin xüsusiyyətlərini bir kənara qoysaq, “Türk izi” Azərbaycan mühacirət mətbuatında maraqlı bir səhifə olaraq xatırlanmaqdadır.