12 Mart 2015 14:44
884
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Masallıda keçirib.

Birlikdən verilən məlumata görə, tədbirdə çıxış edən təşkilatın sədri Sevinc Əzimbəyli müasir dövrdə milli adət-ənənələrin qorunub saxlanmasının vacibliyini diqqətə çatdırıb. Onun sözlərinə görə, bu addım heç də mühafizəkarlıqdan irəli gəlmir: “Ata-babalarımızın bizə qədər saxladığı bu əmanəti borcumuzdur ki, gələcək nəsillərə ötürək. Ona görə də keçmişimizi qorumaqla gələcəyə doğru addımlamalı və dürüstlüyü, saflığı, haqq-ədaləti özündə əks etdirən adət-ənənələri yeni nəsillərə çatdırmalıyıq”.

Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, bu gün Azərbaycanda mövcud olan sabitliyi pozmaq istəyən və xarici emissarlara satılan milli dönük təkfiçi vətəndaşlarımız var: “Ona görə də Vətəninə, dövlətinə, bayrağına bağlı olan hər bir ölkə vətəndaşı bu sabitliyi pozmaq istəyən qara qüvvələrə qarşı mübarizənin önündə olmalıdır. Mən bütün vətənpərvər insanlarımızı onların ifşası və zərərsizləşdirilməsi üçün dövlətə dəstək olmağa çağırıram. Milli mənafelərimizin qorunması ilk olaraq inanclı ölkə vətəndaşlarının üzrəinə böyük məsuliyyət qoyur. Hesab edirəm ki, biz bu məsuliyyətdən qorxub geri addım atmamalıyıq”.

Tədbirdə Masallı rayon İcra Hakimiyyətinin baş məsləhətçisi Qəşəm Hadıyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgə şöbəsinin nümayəndəsi Kamil Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin cənub bölgəsi üzrə qazisi Mirqiyas Təhməzov, Mahmudavar kənd orta məktəbinin direktoru Xanım Əliyeva, Hacıtəpə kənd məscidi dini icmasının sədri Məcəfqulu Quliyev və digər rayon ziyalıları mövzu ətrafında öz fikirlərini bildiriblər.

BƏXTİYAR


Müəllif:

Oxşar xəbərlər