Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi aprel 16-da Nəsimi Rayon İcra Hakimiyyəti və I Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) Təhlükəsizlik Departamenti ilə birgə “I Avropa Oyunlarının hazırlığı və keçirilməsi dövründə qarşıda duran vəzifələr” mövzusunda rayon müşavirəsi keçirib.
Tədbirdə Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları, bələdiyyə, hüquq-mühafizə orqanları, təhsil və səhiyyə müəssisələrinin nümayəndələri, təsərrüfat rəhbərləri, Bakı şəhəri üzrə polis və səhiyyə, enerji, qaz və su təchizatı idarələrinin, I Avropa Oyunları Əməliyyat Komitəsi Təhlükəsizlik Departamentinin səlahiyyətli nümayəndələri iştirak edib.
Tədbiri giriş sözü ilə açan Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev Nəsimi rayonunda Oyunların hazırlığı dövründə görülən işlər barəsində ətraflı məlumat vermiş, eləcə də rayonda geniş abadlıq və quruculuq işlərinin aparıldığını vurğulayıb.
FHN Bakı Regional Mərkəzinin rəis müavini Tale Şamçıyev “I Avropa Oyunları ilə bağlı qarşıda duran ümumi vəzifələr” mövzusundakı təqdimatında fövqəladə hallar, icra və yerli özünüidarəetmə, polis, təhsil, səhiyyə orqanlarının, eləcə də enerji, qaz, su təchizatı idarələri və s. müəssisələrin birgə mümkün fəaliyyətinin istiqamətləri və bu istiqamətlər üzrə aidiyyəti təşkilatlar qarşısında duran ümumi vəzifələrdən danışıb.
BAOƏK-in Təhlükəsizlik Departamentinin direktoru Piter Aşvin təqdimatla çıxış edərək Oyunların təşkili mərhələləri, eləcə də yarışlar zamanı ehtimal olunan potensial təhlükələr, onlara qarşı görülən qabaqlayıcı tədbirlər barədə danışıb.
İLHAMƏ