Təhsil müəssisələri və peşə liseylərində işləyən müəllimlərin müraciətləri əsasında onların bir rayondan (şəhərdən) başqa rayona (şəhərə) yerdəyişməsi prosesi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi ilə Təhsil Nazirliyinin (TN) informasiya sistemi arasında məlumat mübadiləsinə başlanılıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a bildiriblər ki, iş yerini başqa rayona (şəhərə) dəyişmək istəyən müəllimlər TN-in rəsmi saytındakı “Müəllimlərin işə qəbulu” səhifəsinə daxil olaraq elektron ərizə ilə müraciət edirlər. Bu zaman onların təhsil sahəsində işləyib-işləmədiyinin müəyyən olunması ƏƏSMN-in əmək müqaviləsi bildirişi üzrə elektron informasiya sistemi vasitəsilə müəyyən edilir. Sorğu verən şəxsin TN-in hər hansı qurumunda işləməsi təsdiqini tapdığı halda sistem tərəfindən onun müraciət ərizəsi qəbul olunur. Əks halda, TN-in elektron xidməti tərəfindən elektron müraciətin qəbul olunmasına sistem tərəfindən icazə verilmir.
Əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bu barədə ƏƏSMN-in elektron informasiya sistemində qeydiyyata alındıqdan sonra hüquqi qüvvəyə minir. Ötən il iyulun əvvəlindən istifadəyə verilən bu sistem hazırda ölkənin əmək bazarı haqqında zəngin informasiya bazasına malik olmaqla, əmək müqaviləsi əsasında işləyən bütün işçilər barədə məlumatları özündə əhatə edir.