9 İyun 2015 00:33
885
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yolları və Bayıl bulvarında piyada keçidi istifadəyə verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva iyunun 8-də Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi yolunun 4-6 kilometrlik hissəsində bağlantı yollarının və Bayıl bulvarında inşa olunmuş piyada keçidinin açılışında iştirak ediblər.

Nəqliyyat naziri Ziya Məmmədov yolun texniki göstəriciləri barədə dövlətimizin başçısına məlumat verdi. Bildirildi ki, bağlantı yolları və piyada keçidi Nəqliyyat Nazirliyinin sifarişi ilə “Azvirt” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən inşa olunub. Yolların ümumi uzunluğu 6630 metrdir. Bəzi yollarda hərəkət zolaqlarının sayı 4, bəzilərində isə 5-dir. Hərəkət zolaqlarının eni isə 3,5 metrdir.

Yolların inşası zamanı 125 min kvadratmetr asfalt, 730 min kvadratmetr torpaq işləri görülüb. Yüksək səviyyədə və qısa müddətə yerinə yetirilən inşaat işləri zamanı müasir texnologiyalardan istifadə edilib. Yeni yol bu ərazidə nəqliyyatın təhlükəsiz və maneəsiz hərəkəti baxımından mühüm rol oynayır.

Beləliklə, bu yol paytaxtın yol-nəqliyyat infrastrukturunun daha da təkmilləşdirilməsinə töhfəsini verəcək.

Dövlətimizin başçısı burada yeni inşa olunan yeraltı piyada keçidinin rəmzi açılışını bildirən lenti kəsdi.

Prezident İlham Əliyevə keçidin texniki göstəriciləri barədə məlumat verildi. Eni 8 metr, hündürlüyü 4 metr, uzunluğu 226 metr olan keçid əraziyə gələn insanların təhlükəsizliyini təmin edəcək. Burada əlillərin rahat hərəkət etmələri üçün xüsusi qurğu quraşdırılıb. Yeraltı piyada keçidinin 4 çıxışı var. Keçiddə 8 eskalator quraşdırılıb. Beləliklə, keçidin inşası sakinlərin Əhəd Yaqubov küçəsi, Dövlət Bayrağı Meydanı və Bibiheybət yolu istiqamətlərinə təhlükəsiz hərəkətini təmin edəcək.

Son dövrlərdə yeraltı və yerüstü piyada keçidlərinin inşası paytaxt Bakıda yol-nəqliyyat infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülən işlərin tərkib hissəsinə çevrilib.


Müəllif:

Oxşar xəbərlər