Azərbaycan Təhsil Nazirliyi yerli rayon, şəhər təhsil şöbələri, eyni zamanda, məktəblər tərəfindən vakant müəllim yerlərinin gizlədilməsinin qarşısını almaq üçün yeni tədbir həyata keçirməyə başlayıb.
Nazirliyin İnsan resursları şöbəsinin müdir müavını İlham Nağıyev Trend-ə bildirib ki, vakansiyaların hər hansı yerli təhsil orqanı və ya məktəb tərəfindən gizlədilməsi hallarının qarşısının alınması sahəsində artıq müvafiq işlər görülüb.
Şöbə müdirinin müavini əlavə edib ki, artıq Təhsil Nazirliyi vakant yerlər haqqında məlumat alarkən yalnız hansısa bir məktəbdə nə qədər dərs saatının olması barədə deyil, məktəbdəki pedaqoji heyətin ümumi dərs yükü, məktəbin müəllimlərinin sayı, onlara nə qədər dərs saatının verilməsi barədə bütün məlumatları alır.
İ.Nağıyev hazırda nazirlikdə istənilən müəllimin dərs yükü barədə məlumatın olduğunu da söyləyib: “Əldə etdiyimiz məlumatlar bizə deməyə imkan verir ki, niyə filan məktəbdə filan qədər vakansiya elan olunmayıb. Buna görə də hansısa məktəbin vakant yeri gizlətməsi artıq mümkünsüz olur”.
Təhsil Nazirliyinin səlahiyyətlisi deyib ki, müəllimlərin işə müvəqqəti təyin olunması rayon, şəhər təhsil şöbələrinin səlahiyyətindədir: "Sadəcə olaraq, indiyədək nazirlik bu barədə məlumatı müvafiq perioddan bir statistik hesabat şəklində alırdı. Ancaq yeni qaydalara görə, bu ildən müvafiq rayon təhsil şöbəsi bütün müvəqqəti təyin olmalar, müddətli əvəzçiliklə təyin olmalar haqqında məlumatları 5 iş günü ərzində nazirliyin elektron sisteminə yerləşdirməlidir. Nəinki müvəqqəti, əvəzçiliklə təyin olunma, hətta daxili yerdəyişmələr yerli təhsil orqanlarının tam səlahiyyətində idi. Bu, yenə də onların səlahiyyətindədir. Amma indi onlar proses bitəndən sonra nazirliyin elektron sisteminə bu barədə məlumat yerləşdirirlər. Bütün bu proseslər avtomatlaşdırıldığından qanun pozuntusunun olması dərhal bilinir. Nəzərə alaq ki, respublikada 4500-dən çox məktəb, 150 mindən çox müəllim var, bunu elektron sistem olmadan hər hansı başqa formada etmək mümkün deyildi. Ancaq builki sistem bizə imkan verəcək ki, il ərzində baş verən pozuntular barədə dərhal məlumat alaq və ondan sonra da müvafiq tədbirlər görək”.
İ.Nağıyev deyib ki, artıq hər hansı vakant yer gizlədilsə və müsabiqə üçün təqdim olunmasa belə, həmin yerə yerli təhsil idarəetmə orqanı, yaxud məktəb tərəfindən kiminsə işə götürülməsi sentyabr ayında üzə çıxacaq: “Hər hansı vakansiya gizlədilsə belə, tədris ilinin əvvəlində nə məktəb, nə də rayon təhsil şöbəsi oraya müəllim işə qəbul edə bilməz. İşə götürsə belə, bu, qanunsuz olur. Onlar müəllimi oraya yalnız müvəqqəti əsaslarla 1 illik, yaxud bir necə aylıq götürə bilərlər. Bəzən müraciət edən şəxslərin avamlığından istifadə olunur və onlar inanırlar ki, onu daimi əsaslarla işə götürəcəklər”.
Onun sözlərinə görə, yalnız Təhsil Nazirliyinin mərkəzləşdirilmiş qaydada keçirdiyi müsabiqədən uğurla keçən müəllimlər nazirin əmri ilə daimi əsaslarla müəllim təyin oluna bilərlər.
Şöbə müdirinin müavini bildirib ki, 2015-2016-cı tədris ili üçün məktəblərdə hər hansı vakant yerin gizlədilməsi halı olarsa, müvafiq şəkildə cəzalandırma tədbirləri olacaq. Amma nazirlik rəsmisi bu il vakant yerlərin gizlədilməsinin mümkün olmayacağını əminliklə bildirib.