Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncam və tapşırıqlarına əsasən, Əmlak Məsələləri Dövlət Komitəsi Azərbaycanda beynəlxalq standartlara uyğun yeni ünvan sisteminin qurulması işini və ünvanvermə prosesini uğurla davam etdirir.
Vətəndaşların, biznes qurumlarının, eləcə də dövlət orqanlarının gündəlik işində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biri də ünvan məsələsidir. Ölkə üzrə ünvan sistemi hər şeydən əvvəl sosial əhəmiyyətli bir sistemdir. Təbii ki, müasir dövrün tələblərinə uyğun olaraq yeni ünvan vermə qaydalarının tətbiqi, inkişafda olan respublikamızın küçə və prospektlərinə estetik baxımdan şəhərin dizaynına uyğun ünvan lövhələrinin vurulması məsələsi günün tələbinə çevrilib.
İnsanlar axtardıqları obyektə istiqamət götürmək məqsədilə ünvan məlumatlarından istifadə edirlər. Ünvan işi elə qurulmalıdır ki, onun məlumatları yaşından, intellektual səviyyəsindən, peşəsindən və s. asılı olmayaraq, bütün insanlar üçün rahat, istifadə edilə bilən, dəqiq və aydın olsun. Başqa sözlə, ünvan məlumatları axtaran şəxsə ünvan obyektinə tez, ən qısa yolla, vaxt itirmədən, rahat çatmasını təmin etməlidir.
Digər tərəfdən, şəhər, qəsəbə və kəndlərdə aparılan genişmiqyaslı tikinti-quruculuq işləri, əhalinin urbanizasiyası mükəmməl ünvan sisteminin olması zərurətini artırır. Bu səbəbdən də, Azərbaycanda ünvan axtarışı probleminin hər hansı məhdud yollarla deyil, inkişaf etmiş dövlətlərdə olduğu kimi, ünvanaxtarma vasitələrindən istifadə etməklə həll edilməsi məsələsi gündəmə gəlir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən qısa müddət ərzində ölkədə müasir ünvan işinin qurulması istiqamətində bir çox işlər görülüb. Respublika üzrə ünvan reyestrinin aparılması məqsədilə informasiya-kommunikasiya texnologiyalarının, coğrafi informasiya sistemlərinin tətbiqi ilə vahid ümumdövlət ünvan mənbəyi - Ünvan Reyestri İnformasiya Sistemi (ÜRİS) yaradılıb. Daşınmaz əmlak obyektlərinə ünvanların verilməsi, saxlanılması, ləğv edilməsi və digər fəaliyyətləri məhz bu sistem təmin edir. Sistemdə bütün daşınmaz əmlaklarla bağlı ünvan məlumatları, eləcə də küçə və prospektlər ilə bağlı digər məlumatlar rəqəmsal şəkildə toplanır.
Yeni ünvan sisteminin tətbiqi, daşınmaz əmlak obyektlərinə yeni yanaşmalar əsasında ünvanların verilməsi ölkəmizdə həyata keçirilən sosial yönümlü işlərin tərkib hissəsi olmaqla vətəndaşların sosial–məişət şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Ünvan Reyestri İnformasiya Sistemi beynəlxalq layihə çərçivəsində xarici ölkələrin qabaqcıl ünvan təcrübələri öyrənilməklə hazırlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən ölkənin ünvan tarixində ilk dəfə olaraq, respublika üzrə ünvan məlumatları bir virtual mərkəzdə toplanıb, ünvanların elektron idarə edilməsinə nail olunub. Ünvan xəritəsindən çıxarış, obyektlərə ünvanların verilməsi işi elektronlaşdırılıb. Həmçinin, ünvanaxtarışında naviqasiya sisteminin tətbiqi üçün imkan yaradılıb. Bütün bunlar insanların rahatlığına xidmət edən sosial layihələrin tərkib hissəsidir.
Yeni qaydalara əsasən ünvan vermədə bu günədək qüvvədə olan "bina ünvanı konsepsiyası" deyil, "giriş ünvanı konsepsiyası" tətbiq olunur. Ünvanlar binalara yox, binanın hər bir girişinə ayrıca verilir. Bu Avropa standartlarına və qabaqcıl dünya təcrübəsinə cavab verməklə yanaşı, ünvan axtarışı üçün vaxtı minimuma endirir. Hazırda Ünvan Reyestri İnformasiya Sistemində ölkənin 6 şəhəri, 50 rayonu üzrə 6705 küçə və prospektindəki daşınmaz əmlak obyektlərinə yeni qaydalara uyğun təyin edilmiş 603126 giriş ünvanı, 335037 ədəd daxili ünvan məlumatları mövcuddur. O cümlədən, Bakı şəhərinin 758 küçə və prospektində, Gəncə şəhərinin 846 küçə və prospektində, Sumqayıt şəhərinin 195 küçə və prospektində yeni qaydalara uyğun ünvanvermə işi yekunlaşıb. Bütün bu məlumatlar Ünvan Reyestri İnformasiya Sisteminə daxil edilib.
Komitənin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 45 rayonun 1259 kənd yaşayış məntəqələri üzrə 13527 adsız küçə formalaşdırılıb. Yaxın 2 ay ərzində onların adlandırılması ilə bağlı müvafiq rayon icra hakimiyyəti orqanlarına müraciət olunacaq.
Bunlarla yanaşı, Azərbaycanda ünvan lövhələrinin müasir standartlara uyğun olaraq yeni dizaynda quraşdırılması işi həyata keçirilir. Hazırda komitə tərəfindən yeni dizaynda informasiya, park informasiya lövhələrinin və küçə istiqamətləri qurğularının küçə və prospektlərdə, parklar və xiyabanlarda quraşdırılması işləri davam etdirilir. Bakı şəhərində 340 ədəd nəqliyyat infrastrukturu obyektində ünvan lövhəsi, 5 ədəd informasiya lövhəsi, 16 ədəd park informasiya lövhəsi, 30 ədəd küçə istiqamət nişanları quraşdırılıb.
Ölkədə Ünvan Reyestri İnformasiya Sisteminin yaradılması nəticəsində bir sıra nailiyyətlər əldə edilib. Ünvanlar haqqında mərkəzləşdirilmiş rəsmi informasiya bazası formalaşdırılıb. Ünvan məlumatlarının vahid mərkəzdən elektron idarə olunması təmin edilib. Ünvan məlumatlarının axtarışı sistemi sadələşdirilib, ünvanlar haqqında istənilən anda çevik və müfəssəl məlumat əldə etmək imkanı yaranıb. ÜRİS digər məlumat bazaları, axtarış-informasiya sistemləri, reyestrləri (əhalinin, hüquqi şəxslərin, daşınmaz əmlakın reyestri və s.) ilə əlaqələndirilmiş şəkildə fəaliyyət göstərir. Ünvan işini aparan orqan tərəfindən vətəndaşlara, hüquqi şəxslərə və bələdiyyələrə elektron ünvan xidmətlərinin göstərilməsi təmin edilib. Sistem vasitəsilə küçələrin və prospektlərin kodlaşdırılması nəqliyyat infrastruktu obyektlərinin adlarının dəyişdirilməsi zamanı ortaya çıxan bir çox problemləri aradan qaldırır.
Yeni ünvan sisteminin yaradılması ünvanların tez və rahat tapılmasına imkan verəcək, eləcə də müxtəlif xidmətlər göstərən dövlət qurumlarının işini asanlaşdıracaq. Təcili tibbi yardım, yanğınsöndürmə və polis kimi xidmətlər axtardıqları ünvanları daha rahat tapa biləcək və vaxt itirilməsi nəticəsində bədbəxt halların baş verməsinin qarşısı alınacaq. Ünvan Reyestri İnformasiya Sisteminin (ÜRİS) imkanlarından istifadə etməklə taksilərdə, digər nəqliyyat vasitələrində quraşdırılacaq GPS cihazları ünvan axtarışını xeyli asanlaşdıracaq.