Ötən gün Nizami Kino Mərkəzi Benedikt Kamberbeçin rol aldığı dahi Vilyam Şekspirin “Hamlet” tamaşasını rus dilində alt yazılarla təqdim edib.
Teleqraf.com xəbər verir ki, tamaşa British Council Azərbaycan, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Birləşmiş Krallığın Bakıdakı səfirliyi, Cool Connections şirkəti ilə birgə həyata keçirilən TheatreHD layihəsi çərçivəsində nümayiş olunub.
Təqdimatdan öncə keçirilən mətbuat konfransında Nizami Kino Mərkəzinin direktoru Vüqar Zeynalov və “British Council Azərbaycan”ın direktoru Elizabet Vayt layihənin məqsədi barədə açıqlama verib və jurnalistlərin suallarını cavablandırıblar.
Vüqar Zeynalov zalda toplaşan qonaq və tamaşaçıları salamlayaraq bu layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini qeyd edib: “Bu layihə böyük marağa səbəb olub. Bunu nəzərə alaraq dünya inciləri sırasında olan digər əsərləri də nümayiş etdirəcəyik”.
Xatırladaq ki, layihə çərivəsində şəhər sakinlərinə Britaniyanın Milli teatr, Şekspirin Qlobus teatrı, Royal Şekspir şirkəti, Royal Opera Haus Kovent Qarden və s. kimi dünya səviyyəli teatrlarının ən yeni və ən uğurlu tamaşalarını təqdim edəcək.
Layihənin missiyası tamaşaçıya ölkəsini tərk etmədən, dünya teatr və incəsənət şedevrlərini izləməyə imkan yaratmaqdır.
Nümayiş olunacaq tamaşalar Londonda və ümumilikdə Britaniyada ən çox uğur qazanmış tamaşalardır. Yüksək keyfiyyətli çəkiliş, tamaşaçıda teatr zalında izləmə təəssüratı yaradacaq.
TheatreHD layihəsinin təqdim etdiyi növbəti nümayiş Tom Hidlestonun iştirakı ilə V.Şekspirin “Koriolanus” pyesi olacaq. Tamaşanın nümayış tarixi dekabrın 15 –nə planlaşdırılıb.
Nərmin