16 Dekabr 2015 18:22
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Müəllimin işi tək öyrətmək yox, həm də öyrənmək olmalıdır ”

“Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirildi.

Təhsil Problemləri İnstitutu ilə Təhsil Nazirliyinin birgə təşkil etdiyi elmi konfransın plenar iclasını institutun direktoru Qulu Novruzov açdı. Direktor bildirdi ki, “Təhsil strategiyası” və onun “Fəaliyyət planı” təhsil işçiləri qarşısında ciddi vəzifələr qoyub: “21-ci əsrin 15 ilini arxada qoymaq üzrəyik. Təhsillə bağlı xeyli sənədlər qəbul olunub, təhsilin infrastrukturuna kifayət qədər vəsait qoyulub, amma bunlar yetərli deyil. Sosial mühitin, iqtisadi münasibətlərin dəyişməsi, aparılan yanaşmaların çevikləşməsi bizdən təhsilə də yeni yanaşmalar tələb edir. Ən başlıca məsələ isə müəllim kadrların hazırlanması ilə bağlıdır.

Apardığımız tədqiqatlar göstərir ki, hətta inkişaf etmiş ölkələrdə də yaşlı nəslin nümayəndələri olan pedaqoqlar yeni nəslin nümayəndələrini günahlandırmağı üstün tuturlar. Halbuki bu, tamamilə yanlış fikirdir. Əgər pedaqoq auditoriyanı ələ ala bilmirsə, bunun səbəbini özündə axtarmalıdır”.

Qulu Novruzov dedi ki, hazırda təhsillə bağlı ən yaxşı məzmun yaratmaq mümkündür, amma bu məzmunu verə bilən müəllim ordusu yoxdur: “Yaddaş təhsilindən təfəkkür təhsilinə nəzəri olaraq keçmişik, amma müəllim tədrisi yenə yaddaş təhsili ilə icra edirsə, biz bir daha özümüzü aldatmış oluruq. Biz yeni məzmun qiymətləndirilməsi üçün tamamilə yeni mexanizmlər ortaya qoymalıyıq.

Bugünkü təhsili psixoloji komponentsiz təsəvvür etmək mümkün deyil. Təhsilin psixologiyası nəzərə alınmazsa, biz istənilən uğurlu nəticələri qazana bilmərik. İnstitutumuz bu sahədə də araşdırmalar aparır”.

Direktor institutda görülən işlərdən də danışdı: “Son il yarım ərzində 20-yə qədər metodiki vəsait, müəllimlərin tədrisdə istifadə edə biləcəyi resurslar hazırlamışıq. Daha 20-yə qədər nəşrə Elmi Şurada baxılır. Dünya təcrübəsinin öyrənilməsi üçün 3 tərcümə işi reallaşdırılmaq üzrədir ”.

Təhsil nazirinin müavini Firudin Qurbanov öncə son bir ildə təhsil sahəsində təqdir olunan hadisələrdən danışdı. Onun sözlərinə görə, ötən illə müqayisədə bu il ali məktəbə qəbul olunanlar 37 faiz artıb.

“Ən yaxşı müəllim” nominasiyası üzrə keçirilən müsabiqədən danışan nazir müavini dedi ki, son mərhələyə qalan 143 müəllim arasında yüksək səviyyəli müəllimlər var: “Çox fərəhləndirici haldır ki, ən müasir tələbələrə cavab verən koordinatlarını təqdim edən bu müəllimlərim əksəriyyəti bölgələrdən idi. Beynəlxalq müsabiqələrdə şagirdlərimizin fəallığı artıb. Şagirdlər beynəlxalq müsabiqələrdə riyaziyyat üzrə 2 bürünc, fizika üzrə 1 bürünc, kimya üzrə 2 bürünc medal qazanıblar. Son sevindirici xəbərlərdən biri də Koreyada keçirilən elm olimpiadasındandır. Şagirdlərimiz 2 gümüş, 3 bürünc medal qazanıblar”.

Nazir müavini dedi ki, bu gün təhsilin əsas məqsədi keyfiyyət səviyyəsini artırmaqdır və müəllimin işi tək öyrətmək yox, həm də öyrənmək olmalıdır: “Müəllim bunu necə etməlidir, hansı metodlardan yararlanmalıdır? Bunu ona məhz pedaqoji elm göstərməlidir.

Hər adam müəllim ola bilməz. Nəzər alınmalıdır ki, şagirdlərin psixoloji durumu eyni olmur. Bizi gənclər arasında intiharların artması çox narahat edir. Çox təəssüf ki, əksər müəllimlərimizdə biganəlik var. Məktəb direktorları, direktor müavinləri, müəllimlər şagirdlərin psixoloji durumunu diqqətdə saxlamalıdır. Mən deyərdim ki, Azərbaycan təhsilinin problemləri sevgisizlikdən başlayır. Müəllim uşağı sevməlidir, şagird müəllimdən qorxmalı, çəkinməli deyil.

Ötən il bir peşə məktəbində 16 yaşında şagird intihar etdi. Maraqlanıram, məktəbdən mənə deyirlər ki, narahat olmayın, hadisə məktəbdə olmayıb. O məktəbdə yüzədək müəllim işləyir, biri onun psixoloji gərginliyinin səbəbi ilə maraqlansaydı, onun mənəvi sıxıntısını aradan qaldıra bilərdi.

Amma Rusiyada bir hadisə olub. Müəllimə bir qız şagirdinin hər gün qəmli olduğunu görüb, ona qayğı göstərib. Qız müəlliməsinə dərdini açıb. Deyib ki, atası ilə anası ayrılmaq istəyir, bu da ona pis təsir edir. Müəllimə o qızın ata-anası, baba-nənəsi ilə görüşüb. Onlara başa salıb ki, bu qız əsəb sarsıntısı keçirir, onlarla aparılan söhbət əsasında bir ailə dağılmayıb. O, sinifdə bir uşağın stressini götürməklə, sinifdə pozitiv yaratdı. Budur müəllimin missiyası, bu bir müəllimin öz peşəsinə olan sevgisindən irəli gəlir”.

Nazir müavini dedi ki, hazırda qloballaşma mənəvi dəyərlərin itirilməsi problemini yaradır. Onun fikrincə, təhsil təkcə bilik və bacarıqların mənimsənilməsi deyil, həm də tərbiyəvi prosesin gücləndirilməsinə istiqamətlənmiş təchizatdır: “Necə etməliyik ki, gənclərimiz həm mənəvi dəyərlərini itirməsin, həm də müasir standartlara uyğun təhsil ala bilsin? Hər bir sahədə olduğu kimi, təhsil məhsul istehsal edir. Amma təhsilin istehsalı insandır və bu məsələyə son dərəcə həssas, diqqətli, qayğı və sevgi ilə yanaşılmalıdır. Mədəni insanı formalaşdırmalıyıq ki, mədəni cəmiyyət yaransın. Hesab edirəm ki, bu baxımdan burada səslənən yanaşmalar öz əhəmiyyətini verəcək.

Fikrimcə, bu konfransda çıxış edənlər müvafiq təkliflər verməlidir, hər bir addımı Təhsil Nazirliyindən gözləmək düzgün deyil, təhsil bütün sahələri, prosesləri, əmək bazarını qabaqlamaq üçün nə etməliyik? Bunun yolları açıqlanmalıdır. Ali məktəblər pedaqoji kadrlar hazırlayıb əmək bazarına buraxır, amma onları qəbul etmirlər. Nəyə görə? Ona görə ki, bacarıqsız kadrlar hazırlanır. Məcbur olub əlavə kurslar keçilir. Bu haqda düşünməliyik, müvafiq yollar tapmalıyıq”.

Pedaqoji Universitetin rektoru Yusif Məmmədov çıxış edərək təhsilin məzmunun yenilənməsi, məzmunun müasir standartlara uyğunlaşması, kadr hazırlığı, müəllimlərin əməkhaqları, tələbələrin yataqxana probleminin həlli məsələlərindən danışdı: “Gənclərimizin xaricdə təhsilə üz tutmağı bizim günahımızdır. Təhsil sahəsində problemlər də çoxdur və hesab edirəm Təhsil Problemləri İnstitutunun üzərinə çox iş düşür”.

Qafqaz Universitetinin rektoru Əhməd Saniç çıxışında dedi ki, universitet hazırda məktəb direktorları hazırlığı işini icra edir. Onun sözlərinə görə, Qafqaz Universiteti müəllimlər üçün də belə bir hazırlıq təşkil edə bilər: “Necə ki, məktəb direktorları hazırlayırıq, eləcə də öyrətmənlərin öyrətimi məsələsini icra edə bilərik. Təhsil Nazirliyi Qafqaz Universitetinin üzərin 2-3 vəzifə versə , biz bu vəzifələri üzərimizə alıb, yerinə yetirə bilərik. Zənnimcə, digər pedaqoji kadr hazırlayan universitetlər də bu məsələni bacarar. Əks təqdirdə, hər il eyni problemləri sadalamış olarıq və heç bir problem də çözülməz”.

Tədbirdə Milli Məclisin üzvü Bəxtiyar Əliyev, Prezident yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru professor Asəf Zamanov, Bakı Dövlət Universiteti, Naxçıvan Müəllimlər İnstitutunun, o cümlədən qabaqcıl elm və təhsil xadimləri, ali və ümumtəhsil müəssisələrinin nümayəndələri iştirak etdilər.

Sevil HİLALQIZI


Müəllif:

Oxşar xəbərlər