22 Fevral 2016 12:01
646
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin İzmir şəhərində Xocalı soyqırımı ilə bağlı konfransa qatılan millət vəkili Qənirə Paşayeva Bornova bələdiyyə başqanı Olqun Atila ilə görüşüb.

Teleqraf.com-un xəbərinə görə, görüş zamanı Azərbaycan ilə Türkiyənin bəzi şəhərlərinin və bələdiyyələrinin qardaş şəhərlər və bələdiyyələr olduğunu, qədim Bornovanı da Azərbaycanın bölgələrindən biri ilə qardaş olaraq görmək istədiklərini bildirən millət vəkili Qənirə Paşayeva bələdiyyə başqanı ilə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı da fikir mübadiləsi aparıb və yaxın zamanlarda Bornovanın mərkəzi parklardan birinə Laçın adının veriləcəyinə inandığını deyib və Bornova bələdiyyəsi tərəfindən bu cür addımın atılmasının böyük əhəmiyyətindən, vacibliyindən danışıb.

Azərbaycanı çox sevdiyini deyən Bornova bələdiyyə başqanı Olqun Atila Türkiyənin və Azərbaycanın "bir millət, iki dövlət" olduğunu vurğulayaraq Bornova bələdiyyəsinə rəhbərliyi dövründə Azərbaycanla bütün istiqamətlərdə əməkdaşlığın inkişafına xüsusi önəm və diqqət edəcəyini deyərək qardaş bələdiyyələr məsələsi ilə də bağlı addımlar atılacağını deyib.

Bələdiyyə başqanı "hər zaman qardaş Azərbaycanın yanındayıq" deyib və millət vəkili Qənirə Paşayevanın Bornovada Laçın parkı təkliflərini müsbət qiymətləndirdiyini vurğulayaraq bu təkliflərə qısa zamanda mütləq baxılacağını və həllini tapacağını deyib.

Bələdiyyə başqanına müəllifi olduğu “Qənirə Paşayeva ilə addım-addım Türk dünyası” kitabı barədə danışan Qənirə Paşayeva kitabın növbəti hissələrində qədim Bornova ilə bağlı qeydlərinin də yer alacağını bildirib.

Görüşün sonunda millət vəkili Qənirə Paşayeva Bornova bələdiyyə başqanı Olqun Atilaya həmmüəllifi olduğu “Karabağ hikayeleri” kitabını, Azərbaycan tarixi, mədəniyyəti, Qarabağ həqiqətlərini özündə əks etdirən kitablar, filmlər hədiyyə edib və onu Azərbaycana dəvət edib. Azərbaycanı çox görmək istədiyini deyən bələdiyyə başqanı dəvəti böyük məmuniyyətlə qəbul etdiyini və yaxın zamanlarda Azərbaycana gələcəyini deyib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova, İzmirdə fəaliyyət göstərən Azərbaycan Qardaşlıq və İşbirliyi Dərnəyinin rəhbəri Asif Qurban, müavini Cavid Əliyev, İzmirdə fəaliyyət göstərən Azərbaycan Kültür Evi və Dayanışma Dərnəyinin başqanı Mülazim Qardələn Paşa bir sıra fikir və təkliflərlə çıxış ediblər, geniş fikir mübadiləsi aparılıb.


Müəllif:

Oxşar xəbərlər