21 Aprel 2016 01:52
567

Azərbaycanın Tacikistandakı səfirliyində səfirliyin təşəbbüsü və dəstəyi ilə Azərbaycan Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Dağlıq Qarabağ – Məxəzlərdən oxunmuş tarix” kitabının tacik dilinə tərcümə edilmiş nüsxəsinin təqdimat mərasimi keçirilib.

Səfirlikdən Teleqraf.com-a verilən məlumata görə, mərasimdə çıxışı zamanı səfir Abbasəli Həsənov deyib ki, R. Mehdiyevi bu kitabı yazmağa vadar edən ermənilərin yalanlarını ifşa etmək olub və adından göründüyü kimi, kitabda müxtəlif ölkələrin arxiv materiallarına istinad edilən təkzibedilməz faktlardan ibarətdir.

Kitabın redaktoru, Tacikistanın milli himninin sözlərinin müəllifi, xalq şairi Gulnazar Keldi, tərcüməçilər Bahriddin Cuyo və Olim Hocimuradov çıxışlarında kitabın Azərbaycanın əzəli torpaqları olan Dağlıq Qarabağın tarixinin dərindən öyrənilməsi, ermənilərin bu ərazilərə köçürülməsi və beynəlxalq havadarlarının dəstəyi ilə Azərbaycana və digər qonşu dövlətlərə qarşı təcavüzkar siyasətini öyrənmək baxımından mühüm əhəmiyyətə malik mənbə olacağını bildiriblər.

Tədbirdə Tacikistanın rəsmi şəxsləri, deputatlar, elm-mədəniyyət xadimləri, Düşənbədə akkreditə olunan diplomatik nümayəndəliklərin rəhbərləri, ali təhsil ocaqlarının rəhbərləri, yerli mətbuat və diaspora nümayəndələri iştirak ediblər.

Təqdimat mərasimində “Erməni terrorizmi” filmi rus və ingilis dillərində nümayiş etdirilib.

Sonda səfirliyin foyesində 2-5 aprel tarixlərində Ermənistan-Azərbaycan cəbhə xəttində ermənilərin növbəti təcavüzkar siyasəti nəticəsində həlak olan şəhidlərin şəkillərindən ibarət fotostend sərgilənib.


Müəllif: