“Sürücülük imtahanın Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı fikirlər yarımçıq ideyadır”.
Bunu Teleqraf.com-a “Digesta” firmasının direktoru Ərşad Hüseynov bildirib.
Ekspertin sözlərinə görə, avtomobil idarə etmək hüququ verən sürücülük vəsiqəsi imtahanını Dövlət İmtahan Mərkəzinə tapşırmaq üçün bu məsələnin ətraflı düşünüb işləmək lazımdır: “Azərbaycanda sürücülük təhsili bərbad vəziyyətdədir. Hansı qurum bu imtahanı həyata keçirəcəksə, qanunvericilikdə dəyişiklik edilməli, həmin qurumun maddi-texniki bazası qaydasına salınmalıdır.
Çünki bu imtahan başqalarından fərqlidir. Ölkəmizdə hər gün 12-13 yerdə sürücülük imtahanları keçirilir. TQDK-nın qəbul və buraxılış imtahanları isə ildə bir neçə dəfə təşkil olunurdu. Bildiyiniz kimi, dünya ölkələrində bu sahə üzrə müsbət praktika var. Onların praktikasından yararlanmaq olar”.
Ərşad Hüseynov bildirib ki, sürücülük imtahanlarında 2-ci mərhələ təcrübi yoxlamadır: “Bu da təlimatçılar tərəfindən xüsusi yerlərdə keçirilir. Əlbəttə, təcrübə imtahanı vermədən sürücü olmaq qeyri-mümkündür.
Bəzilərindən soruşsanız ki, sürücülük imtahanlarını kim, Dövlət Yol Polisinin adı çəkəcək. Amma yox, Dövlət Yol Polisi ilə yanaşı Kənd Təsərrüfatı Nazirliyi də sürücü imtahanları həyata keçirir. Traktor, kombayn sürənlər üçün bu qurumda da imtahan mərkəzləri var”.
İlhamə Əbülfət