4 May 2016 13:13
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəbhə xəttində baş verən hadisələr hərbi səhiyyə kontingentinin bu cür situasiyalara hazırlıq səviyyəsini gündəmə gətirir. Nəzərə alsaq ki, ölkənin müdafiə sistemindən sonra ən böyük vəzifə həm də bu sahənin üzərinə düşür, bu günlərdə həkimlərin məsuliyyətinin də böyük olduğunu demək olar.

Azərbaycan Tibb Universiteti (ATU) ölkədə səhiyyə xidmətinin həyata keçirilməsi üçün bütün ixtisaslar üzrə mütəxəssislərin hazırlanmasını aparan yeganə ali təhsil müəssəsidir. Eyni zamanda universitetin hərbi tibb fakultəsi Silahlı Qüvvələrin tələbatına uyğun kadrların diploma qədərki və diplomdan sonrakı ixtisas hazırlığı üzrə rezidentura, tibb heyətinin təkmilləşdirilməsi, hərbi elmi kadrların yetişdirilməsi, hərbi feldşerlərin hazırlanmasını həyata keçirir.

ATU-nun hərbi tibb fakültəsinin dekanı, polkovnik Fəxrəddin Ağayevin Teleqraf.com-a bildirdiyinə görə, xüsusi hallarda qoşunların tibbi təminatını həyata keçirmək üçün hərbi tibb fakültəsi kursantları qısaldılmış proqram əsasında hazırlanaraq cəbhə bölgəsinə və ona yaxın yerlərə göndərilə bilər:

“Cəbhə bölgəsinə göndərilənə qədər hərbi hissələrdə həkimlərə təcrübə keçirilir. Hərbi tibb fakültəsi kursantlarına tədris dövründə yay qoşun təcrübəsi bilavasitə cəbhə və cəbhəyanı ərazilərdə yerləşən hərbi hissələrdə, real şəraitdə yaralıların daşınması, çeşidlənməsi və təxirə salınmaz tibbi yardım göstərilməsi praktiki olaraq öyrədilir. Bunun üçün də onların cəbhə bölgəsində olması vacib sayılır”.

Qadın heyətin müharibə bölgəsində çalışmasından söz düşəndə daha çox psixoloji hazırlıq narahatlıq doğurur.

Fəxrəddin Ağayev deyir ki, ehtiyac yarandığı təqdirdə fakültə tərəfindən hazırlanmış qısa müddətli feldşer hazırlığı proqramına müvafiq olaraq tibb bacılarının cəbhəyə hazırlığını həyata keçirmək mümkündür və bura həm də psixoloji hazırlıq daxildir.

Həkimlərin hazırlıq səviyyəsinə gəlincə, həmsöhbətimiz hərbi həkimlər üçün tədrisin müasir dövlət standartlarına cavab verən proqram əsasında həyata keçirildiyini deyib: “V-VI kurslarda hərbi tibbin ən son nailiyyətləri nəzərə alınmaqla Türkiyə Respublikası Gülhanə Hərbi Tibb Akademiyası, Rusiya Federasiyası Hərbi Tibb Akademiyası və NATO ölkələrinin hərbi tibb proqramları nəzərə alınmaqla tədris olunur.

Fakültədə əsasən kişi cinsindən olan Azərbaycan vətəndaşları təhsil alır. Lakin xüsusi hallarda qadınlar da hərbi tibb fakültəsində təhsil ala bilər. Bu yuxarı komandanlığın icazəsi əsasında mümkündür”.

Fəxrəddin Ağayev son illər hərbi həkim ixtisasına marağın artdığını deyir: “Təsadüfi deyil ki, hərbi tibb fakültəsinə qəbul olan abituriyentlərin qəbul halları əvvəlki illərə nisbətən getdikcə yüksəlir”.

Naibə QURBANOVA


Müəllif:

Oxşar xəbərlər