Qaxda baş verən yol qəzasında iki nəfər xəsarət alıb.
Qəza iyulun 17-i saat 03 radələrində Yevlax-Zaqatala- Gürcüstan sərhəd sərhəd magistral yolunun 84-cü kilometrliyində, Qax rayonu ərazisindən keçən hissəsində baş verib.
Göyçay şəhər sakini, 1978-ci il təvəllüdlü Ruslan Rasim oğlu Abdullayev idarə etdiyi “Tofash” markalı 10 RL 559 dövlət nömrə nişanlı avtomobillə Şəki rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirməsi səbəbindən maşını yolun kənarındakı ağaca çırpıb.
Qəzadan sonra sürücü R. Abdullayev və sərnişini olan həmyerlisi 1970-ci il təvəllüdlü Müşfiq Kərim oğlu Kərimov aldıqları müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasına (MRX) yerləşdiriliblər. Qax MRX-dan APA-ya bildirilib ki, yaralılar xəstəxananın cərrahiyə şöbəsinə yerləşdiriliblər, vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırma aparılır.