28 Sentyabr 2016 16:06
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində bacısını öldürüb, əmisi oğlunu bıçaqlamaqda təqsirli bilinən 1991-ci il təvəllüdlü Seyid Mirəli Seyid Kamil oğlu Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com xəbər verir ki, hakim Azər Orucovun sədrliyi ilə keçən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub.

Prokuror çıxışa vaxt istəyib.

Məhkəmənin növbəti iclası oktyabrın 5-nə təyin edilib.

Qətl bu il aprel ayının 8-də Maştağa qəsəbəsindəki fərdi yaşayış evində baş verib. Seyid Mirəli Cavadov bacısı, 1987-ci il təvəllüdlü İzzət Cavadovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. Onun həyat yoldaşı, eyni zamanda əmisi oğlu olan 1984-cü il təvəllüdlü Mürsəl Cavadovu isə bıçaqla yaralayıb.

İzzət Cavadova aldığı xəsarətlərdə elə hadisə yerində dünyasını dəyişib. Mürsəl Cavadov isə qohumları tərəfindən xəstəxanaya aparılıb. Həkimlər onun həyatını xilas ediblər.

Seyid Mirəli Cavadovu polis saxlayıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini deyib.

Mürsəl Cavadovla nikahdan iki övladı doğulmuş İzzət Cavadova ərindən boşanmaq istəyib. Cinayət hadisəsindən bir neçə gün əvvəl o, evdən qaçıb. Yaxınları onun başqa kişiyə qoşulub qaçdığını düşünsələr də, bir həftə sonra 29 yaşlı qadın yenidən həyat yoldaşının evinə qayıdıb.


İzzət Cavadovanın kiçik qardaşı olan 25 yaşlı Seyid Mirəli Cavadov onların evinə gələrək, bacısına 21 bıçaq zərbəsi endirib, əmisi oğluna isə xəsarət yetirib.

Seyid Mirəli Cavadov Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə, xüsusi amansızlıqla) və 126.2.2-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə ittiham olunur.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər