Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu öldürməyə cəhddə təqsirləndirilən Mehman Fəsədovun cinayət işi üzrə məhkəmənin növbəti iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, bu il yanvarın 9-da Abşeron rayon sakini Elnar Canatovun Biləcəri qəsəbəsində işlədiyi mağazanın qarşısına gələn qohumu, qəsəbə sakini Mehman Fəsədov münaqişə zəminində tüfəngdən açdığı atəşlə ona sifət nahiyəsindən xəsarət yetirib və hadisə yerini tərk edib.
Xəstəxanaya yerləşdirilən Elnar Canatovun həyatını xilas etmək mümkün olub.
Binəqədi Rayon Polis İdarəsinon 6-cı polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində Mehman Fəsədov tutulub, ondan "İJ-58" markalı tüfəng və 5 patron götürülüb.
Mehman Fəsadov Cinayət Məcəlləsinin 29, 120-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham olunur.
Hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesə şahid qismində mühafizə polisinin əməkdaşı Elçin Qəmbərov gəlməyib. Hakim deyib ki, mən polisi bir saata taparaq bura gətizdirə bilərəm: "Rəhbərliyinə təqdinat göndərərəm. Amma bunu mən etmirəm".
Mehman Fəsadovun vəkili Namiq Hacıyev şahidin məhkəməyə gətirilməsini xahiş edib.
Hakim şahidin məhkəməyə gətirilməsi üçün vaxt verib. Bu səbəbdən proses oktyabrın 24-dək təxrə salınıb.
Hacı Zeynalov