Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Monitorinq Mərkəzinin sabiq rəisi, general-mayor Teymur Quliyev, Transmilli İqtisadi Cinayətkarlığa Qarşı Mübarizə Baş İdarəsinin sabiq rəisi, general-mayor Sübahir Qurbanov, Əməliyyat-Texniki İdarəsinin rəisi, general-mayor Natəvan Mürvətova, həmin qurumun digər vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam edib.
Teleqraf.com xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin sədri, hakim Həbib Həsənovun sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlə çıxış edib.
Onlar müdafiə etdikləri şəxslər barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi barədə vəsatət veriblər.
Hakim vəsatətləri təmin etməyib.
Daha sonra prokuror zərərçəkmiş Cəmşid Novruzovun vəkili Kamandar Nəsibovun prosesdən kənarlaşdlrlmasını istəyib. Bildirib ki, Kamandar Nəsibov oxşar cinayət işində MTN generalı Akif Çovdarovun da vəkilidir. Prokurorun sözlərinə görə, qanunveriçilikdə bir vəkil eyni məzmunlu iki işdə çıxa bilməz. Hakim vəsatəti təmin edib.
Hazırlıq iclasının davamı fevralın 21-ə təyin edilib.
Məhkəmə binasından çıxaraq avtobobilinə əyləşən Natəvan Mürvətovaya jurnalistlər yaxınlaşıb. Sabiq general jurnalistlərə açıqlama vermyib. "İttihamnaməyə münasibətiniz necədir" sualına xanım general "rədd olun burdan" cavabını verib və avtomobilinə əyləşərək oradan gedib.
Hacı Zeynalov