Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Emin Nəsirovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Fikrət Qəribovun sədrlik etdiyi prosesdə prokuror ittiham aktını elan edib.
İttihama görə, ötən il iyulun 8-də Quba rayonunun Nügədi-qazmalar kəndində Birinci Nügədi kənd sakini, 1987-ci il təvəllüdlü Neymət Xəlilovun bıçaqla qətlə yetirilmiş meyiti tapılıb.
Araşdırma zamanı məlum olub ki, Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Emin Nəsirov münaqişə zəminində bacanağı, Neymət Xəlilovu bıçaqlayaraq qətlə yetirib. Hadisə sərxoş vəziyyətdə olan bacanaqlar arasında mübahisə zəminində baş verib.
Məhkəmədə ifadə verən Emin Nəsirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. Onun sözlərinə görə, Neyməti söyüşə görə öldürüb: “Neymət həyat yoldaşımın telefonuna zəng etdi və söyüş söydü. Buna görə də onunla söhbətə getdim. Ona dedim ki, bu nə söyüşdü? Mənə bildirdi ki, istəyirsən üzünə də söyüm. Sonra məni təhqir etdi. Əsəblərimi cilovlaya bilmədim, onu bıçaqla vurdum”.
Zərərçəkmişin hüquqi varisi, qətlə yetirilən şəxsin qardaşı Fərhad Xəlilov dindirilib. Onun sözlərinə görə, qardaşının ölüm xəbərini hadisənin səhəri günü eşidib.
O, Emin Nəsirovdan şikayətçi olduğunu söyləyib.
Şahid qismində ifadə verən Günəş Mürsəliyeva deyib ki, Emin Nəsirov onun həyat yoldaşıdır. O bildirib ki, qətlə yetirilən Neymət Xəlilov onun telefonuna zəng edib və söyüş söyüb: “Sonra Emin telefonla Neymətlə danışdı. Neymət yenə söyüş söydü. Emin də evdən çıxıb, onunla görüşə getdi və məlum hadisə baş verdi. Emin evə qayıdanda Neyməti qətlə yetirdiyini dedi. Evdən götürdüyü bıçağı isə kolluğa atdığını söylədi”.
Proses fevralın 24-də davam edəcək.
Hacı Zeynalov