Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan və hazırda həbsdə olan kriminal avtoritet Nadir Səlifovun bacısının həyat yoldaşı Vidadi Huseynovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Ramella Allahverdiyevannın sədrliyi ilə keçirilən prosesdə Vidadi Hüseynovun anket məlumatları dəqiqləşdirilib.
Vidadi Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, müdafiə etdiyi şəxs barəsində cinayət işi saxtadır. Müdafiəçi hesab edib ki, Vidadi Hüseynov evindən oğurluqla əlaqədar polis idarəsinə gedib, oradan çıxıb evinə qayıdanda - idarənin 15-20 metrliyində saxlanılıb.
Vəkil qeyd edib ki, Vidadi Hüseynovun işi əvvəlcə Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan narkotik saxlama) maddəsilə Sabunçu Rayon Məhkəməsinə göndərilib: “Məhkəmə prosesinin yekunlaşmasına az qalmış prokuror ittihamın ağırlaşdırılması üçün işin geri qaytarılması barədə vəsatət verib. Cinayət işi geri qaytarılıb. Əslində isə bu, bəraət hökmü çıxarılmalı işdir”.
Vəkil əlavə edib ki, sonradan ittihamı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik saxlama) maddəsinə tövsif edilib.
Dövlət ittihamçısı isə həbs müddətinin uzadılmasını təklif edib. Hakimlər də qısa müşavirədən sonra Vidadi Hüseynovun həbsdə saxlama müddətinin uzadılmasına qərar verib.
Məhkəmə baxışı martın 7-nə təyin edilib.
Qeyd edək ki, bundan əvvəl iş hakim Əfqan Hacıyevin icraatına verilib. Həmin hakimin keçirdiyi prosesdə dövlət ittihamçısı Fərid Nağıyev hakim Əfqan Hacıyevə etiraz verib.
Dövlət ittihamçısı etirazını belə əsaslandırıb ki, Vidadi Hüseynovun həyat yoldaşı Leyla Səlifovanın qardaşları - Müşfiq Səlifov və Nadir Səlifovun 2006-cı ildə mühakiməsi zamanı Əfqan Hacıyev vəkil olub. Bu səbəbdən dövlət ittihamçısının etirazı təmin edilib və hakim dəyişdirilib.
İttihama görə, Vidadi Hüseynov 2016-cı ilin aprel ayının 30-da Sabunçu rayonunun Bakıxanov qəsəbəsi, Sülh küçəsi, 4 ünvanın qarşısında həbs edilib. Sabunçu rayon Polis İdarəsinin 13-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılan Vidadi Hüseynovun üzərindən 12,360 qram heroin aşkar edilib.
Vidadi Hüseynov Cinayət Məcəlləsinin 234.4.3-cü (qanunsuz olaraq narkotik vasitələri, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir.
Xatırladaq ki, 2016-cı il aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında silahl insident baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib. Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub.
Bu hadisənin də kriminal aləmə yaxınlığı ilə seçilən şəxslərlə əlbir olması ehtimal olunur. Bu qanlı cinayət hadisəsindən sonra hüquq-mühafizə orqanlarının əməkdaşları Sabunçu rayonunda əməliyyat keçiriblər.
Kriminal aləmdə “Lotu Quli” ləqəbi ilə tanınan Nadir Səlifov və “Rövşən Lənkəranski” ləqəbi ilə tanınan Rövşən Canıyevin tərəfdarları arasında mübahisə yaranıb və sonda cinayət hadisəsi baş verib. Bundan sonrakı günlərdə Bakının bir neçə rayonunda xüsusi əməliyyat keçirilib. Kriminal aləmə yaxınlığı ilə seçilən 40-a qədər şəxs həbs edilib. Onların bəziləri silah, bəziləri isə narkotik ittihamı ilə mühakimə ediliblər.
“Bulaq” restoranında silahl insidentlə bağlı həbs edilən şəxslərin cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.
Hacı Zeynalov