12 Aprel 2017 18:41
549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Sabunçu Rayon Məhkəməsinin inzibati binasında ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov, MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq işçisi, polkovnik Səlim Məmmədov, MTN-in sabiq idarə rəisi, mayor Akif Əliyev və keçmiş şöbə rəisi Orxan Osmanovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Teleqraf.com-un məlumatına görə, Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənovun sədrliyi ilə qapalı keçirilən prosesdə zərərçəkmiş qismində “Real" MTK-nın sahibi İlham Qasımov və Namiq Orucovun epizodu üzrə dinləmələr keçirilib.

Akif Çovdarovun vəkili Kamandar Nəsibov jurnalistlərə bildirib ki, zərərçəkmiş Namiq Orucovun sürücüsü olmuş Gülağa Quliyev ifadəsində istintaqa verdiyi ifadəni təsdiqləməyib. O, məhkəmədə dindirilmə zamanı qeyd edib ki, 2015-ci ildə İlham Qasımovun bacısı oğlunun toyuna Namiq Orucovu aparıb: "Gülağa Quliyev ifadəsində restorana maskalı şəxslərin daxil olmadığını dedi”.

Daha sonra iclasda zərərçəkmiş şəxs qismində brilyant satışı ilə məşğul olmuş Elçin Hacıyev dindirilib. O, istintaqa verdiyi ifadəni təsdiqləyib.

Elçin Hacıyev istintaqa verdiyi ifadəsində 2013-cü ilin fevral ayında Türkiyədən 14 karatlıq brilyant qaş gətirdiyini və onu satmaq istədiyini deyib: "2013-cü ildə MTN əməkdaşları məni, dostum Tofiq Rəcəbovu və əmim oğlu Əjdər Hacıyevi nazirliyin inzibati binasına apardı. Akif Çovdarovun rəhbərlik etdiyi idarənin əməkdaşları tərəfindən brilyant əlimdən alındı və maddi sübut kimi onlarda qalacağı bildirildi. Bizi azadlığa buraxmaq üçün 150 min dollar pul tələb etdilər. Axırda 80 min dollara razılaşıb azadlığa qovuşduq".

Günün ikinci yarısında zərərçəkmiş Əjdər Hacıyev ifadə verib. O, istintaqa verdiyi ifadəsini təsdiqləyib.

Məhkəmənin növbəti iclası aprelin 17-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər