21 Aprel 2017 13:10
3 104
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməyə cəhd etməkdə təqsirləndirilən Vidadi Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Teleqraf.com xəbər verir ki, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edib. O, Vidadi Quliyevin 16 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili müdafiə nitqi üçün məhkəmədən vaxt istəyib. Hakimlər onun istəyini nəzərə alıb və növbəti məhkəmə iclasını aprelin 27-nə təyin edilib.

İttihama görə, Bakı şəhər sakini Vidadi Quliyev ötən il Sabunçu rayonu, Ləhiş bağlarında odlu silahdan atəş açaraq, Lənkəran rayon sakini Elşad Kazımova qarın və əlindən xəsarət yetirib. E.Kazımov xəstəxanaya yerləşdirilib. Onun həyatını xilas etmək mümkün olub.

Sabunçu rayon Polis İdarəsinin 42-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vidadi Quliyev tutulub. Ondan “Makarov” markalı tapança, patron darağı, 2 ədəd patron götürülüb.

Araşdırma zamanı məlum olub ki, Elşad Kazımov Vidadi Quliyevin bağ evində gözətçi olub. Hadisədən əvvəl həmin şəxslər birlikdə spirtli içki qəbul edib. Mübahisə zəminində Vidadi Quliyev Elşad Kazımovu güllələyib.

Vidadi Quliyev Cinayət Məcəlləsinin 29, 120.2.2-ci (qəsdən adam öldürməyə cəhd, xuliqanlıq niyyəti ilə adam öldürmə cəhd) və 228-ci (qanunsuz olaraq silah gəzdirmə) maddələri ittiham olunur.

Vidadi Quliyev əvvəllər hüquq-mühafizə orqanlarında işləyib, təqaüdə çıxandan sonra sahibkarlıqla məşğul olub. Cinayət hadisəsi Vidadi Quliyevin bağ evində baş verib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər