3 May 2017 16:01
981
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, Aztelekom MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Teleqraf.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevin sədrlik etdiyi prosesdə Vidadi Zeynalov ifadə verib.

Vidadi Zeynalov çıxışının əvvəlində qeyd edib ki, ifadə vermək istəməyib:

“Çünki ifadə verənlərin dediklərindən də görünür ki, mənim heç bir cinayət əməlim yoxdur. İlkin ifadəmdə göstərdiyim kimi, rəhbərliyin dediklərini etmişəm. Amma ictimaiyyətə məni cinayətkar kimi təqdim ediblər. Bu səbəbdən də ifadə verirəm. Düşünməsinlər ki, qorxduğum üçün ifadə vermirəm”.

Sağlıq durumunun yaxşı olmadığını söyləyən keçmiş aparat rəhbəri qeyd edib ki, çıxışı 50 səhifədən ibarətdir: “Ola bilsin, çıxışımı tam oxuya bilmədim”.

Vidadi Zeynalov deyib ki, məhkəmə istintaqı dövründə vəkillərinin vəsatətləri təmin edilməyib:

“Maliyyə Nazirliyin işçiləri dindirilmədi, ekspertlərə suallar verilmədi, çoxsaylı vəsatətlərimiz rədd edildi”.

Vidadi Zeynalov qeyd edib ki, əsl günahkarların cəzalandırılmasına çox az qalıb:

“Mən və həbsxanada olan digər şəxslər o günü gözləyir. İttihamı qəbul etmirəm. Nə təmir tikinti işlərində, nə də mal-materialların alınmasında iştirakım var. Məsul şəxs olmamışam, heç bir sənədin altında imzam yoxdur. Günahım odur ki, mənə əlavə tapşırıq veriləndə gərək qəbul etməyəydim”.

Aparat rəhbərinin sözlərinə görə, sabiq nazir müavini İltimas Məmmədov bu işlərdə daha çox günahkardır:

“O, nazirin yerinə keçmək istəyirdi. Niyə ən azından İltimas Məmmədov şahid kimi burada dindirilmədi? Məhkəmə kimdən və niyə çəkinir? Mən günahkar olsaydım, əmlaklarımı ailə üzvlərimin, yaxınlarımın adına keçirməzdim. Başqaları kimi xaricə çıxarardım. İndi də imkan vermirlər ki, əmlaklarımı satıb, dəymiş ziyanı ödəyim”.

Vidadi Zeynalov ifadəsində məhkəməyə üz tutub:

“Xahiş edirəm, ekspertlərinə müəyyən etdiyi məbləğlə əmlaklarımın satılmasına şərait yaradılsın. Əgər buna da razı deyillərsə, indidən desinlər, biz də müştəri axtarmayaq”.

Aparat rəhbəri qeyd edib ki, ittihamda göstərilən qiymətlər dollarla olduğu halda, manatla hesablanıb:

“Bu da göstərilən məbləğin 25 faizə qədər şişməsinə səbəb oldu. Yoxlama aparanları yaxşı tanıyıram. İnanmıram ki, onlar bu ittiham aktında göstərilən məlumatları, məbləğləri, nöqsanları öz iradələri ilə yazıblar”.

Vidadi Zeynalov ittihamda yazılan və mənimsənildiyi deyilən məbləğlərin dövlət əhəmiyyətli tədbirlərin təşkilinə, nazirliyin səlahiyyətlərinə daxil olan işlərə xərcləndiyini bildirib.

Sabiq Aparat rəhbəri Maliyyə Nazirliyi və Vergilər Nazirliyi tərəfindən aparılan yoxlamaların qərəzli, tərtib edilən aktların əsassız olduğunu qeyd edib.

Vidadi Zeynalov çıxışında səhhətinin yaxşı olmadığını, ifadəsinin yarımçıq saxlanılmasını istəyib. O bildirib ki, vəziyyəti yaxşı deyil: “Artıq yaxın məsafədən sizi görə bilmirəm. Bədənim əsir”.

Hakim növbəti məhkəmə iclasını mayın 10-na təyin edib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər